İLK AZƏRBAYCANLIYA VYANA UNİVERSİTETİNİN DOKTORLUQ ELMİ DƏRƏCƏSİ VERİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu günlərdə Vyana Universitetində doktorluq elmi dərəcəsi almış məzunlara diplomların təqdim edilməsi mərasimi keçirilmişdir. Məzunlar arasında hüquq fakültəsinin doktorantı, həmyerlimiz Yeganə Məsimova da vardır. Təntənəli mərasimdə ali təhsil ocağının rəhbərliyi tərəfindən Vyana Universitetində doktorluq elmi dərəcəsi almış ilk azərbaycanlı xanıma doktorluq diplomu təqdim edilmişdir. Mərasimdə 18 nəfər avstriyalı məzun doktorluq elmi dərəcəsi almışdır. Bu məzunların sırasında Y.Məsimova nəinki yeganə azərbaycanlı, həm də yeganə qeyri-avstriyalı məzun olmuşdur.
Y.Məsimovaya “Avropa İttifaqı (xüsusilə Avstriya və Almaniyanın nümunəsində) və Azərbaycanda əmək fəaliyyətində cinsi bərabərliyin hüquqi tənzimlənməsi” mövzusundakı doktorluq dissertasiyasını Vyana Universitetinin “Əmək hüququ və sosial hüquq” kafedrasının professoru, Vyana universitetinin Ailə Tədqiqatları İnstitutunun rəhbəri, professor doktor Volfqanq Matsalın elmi rəhbərliyi altında yazmışdır. Qeyd etmək lazımdır ki, dissertasiyada xususən Azərbaycan və Avstriyanın əmək qanunvericiliyi sistemində cinsi bərabərliyin hüquqi tənzimlənməsindən, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycana, habelə Azərbaycanın əmək bazarına vurulan zərər və onun acı nəticələrindən bəhs edilir.
Avstriya Akademik Mubadilə Xidməti tərəfindən 2005-ci ildə keçirilmiş müsabiqə nəticəsində qazandığı 3 illik təqaüdlə 2008-ci ildə doktorluq işini uğurla başa vuran Yeganə Məsimova, eyni zamanda, Avstriyada təhsil aldığı müddətdə Vyanada fəaliyyət göstərən “Azərbaycan Akademik Birliyi”nin fəal üzvlərindən biri olmuşdur.
Xatırladaq ki, Vyana Universiteti Avstriyanın, eləcə də Avropanın ən qədim və nüfuzlu universitetlərindən biridir. 1365-ci ildə IV Hersoq Rudolf tərəfindən əsası qoyulan universitetin hazırda 75 min nəfərə yaxın tələbə-müəllim heyəti vardır. Burada 170-dən artıq müxtəlif ixtisas tədris olunur.
######
