İnsanların həyatının xilas edilməsində azərbaycanlı sahibkarın da xidmətləri vardır
Riqa, 13 mart (AZƏRTAC). Latviya ictimaiyyətinin görkəmli nümayəndələri, Azərbaycanın Latviyadakı səfirliyinin təmsilçiləri, Azərbaycan diasporunun üzvləri Azərbaycan əsilli Latviya sahibkarı, “Riqa sanitar nəqliyyatı avtobazası” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə heyətinin sədri, Azərbaycan diasporunun ağsaqqalı Adıgözəl Məmmədovu 70 illik yubileyi münasibətilə təbrik etmək üçün Latış Cəmiyyətinin binasında toplaşmışlar.
Latviya Mərkəzi Seçki Komissiyasının başçısı, Təcili Tibbi Yardım Xidmətinin, regional təcili tibbi yardım bölməsinin rəhbərləri Adıgözəl Məmmədovu əlamətdar gün münasibətilə ilə təbrik edərək onun fəaliyyətindən söz açmışlar. Bildirilmişdir ki, 15 il əvvəl “Riqa sanitar nəqliyyatı avtobazası” QSC-nin rəhbərliyinə gəlmiş A.Məmmədovun sayəsində avtopark müasir təcili tibbi yardım vasitələri ilə tamamilə yenilənmişdir. Yerində təcili yardım göstərmək iqtidarında olan bu maşınları Riqanın və ətraf bölgələrin küçələrinə yönəldən A.Məmmədovun insanların həyatının xilas edilməsində böyük xidmətləri vardır. A.Məmmədov doğma Lənkəranın xəstəxanalarına təmənnasız olaraq təcili tibbi yardım maşınları göndərmişdir. Bu günlərdə Riqa avtobazası Latviya Qırmızı Xaç Cəmiyyətinin sərəncamına təcili tibbi yardım maşını verəcəkdir.
Yubiley gecəsində Azərbaycan diasporunun ağsaqqalından söz açan film nümayiş etdirilmişdir.
Dirijor, Azərbaycanın Xalq Artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Latviya orkestrinin çıxışı, habelə xanəndə Ehtiram Hüseynovun “Sarı gəlin” xalq mahnısını böyük məharətlə ifa etməsi yubilyar üçün əsl sürpriz olmuşdur.
Nigar Hüseynova
AZƏRTAC -ın xüsusi müxbiri
Riqa