İsrailin Lod şəhərində “Justice for Khojaly” adlı fotosərgi olmuşdur
Bakı, 4 fevral (AzərtAc). İsrailin mərkəzində yerləşən Lod şəhərinin sakinləri Azərbaycanın müasir tarixinin ən məşum səhifələrindən biri - Xocalı faciəsi ilə ilk dəfə tanış olmuşlar.
1992-ci ilin fevralında baş vermiş qanlı hadisələrin real mənzərəsini əks etdirən səyyar sənədli fotosərgi Heydər Əliyev Fondunun və Lod şəhəri bələdiyyəsinin dəstəyi ilə “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən keçirilmişdir.
Ağzınacan dolu salona əslən Azərbaycandan olan veteranlar, orta nəslin nümayəndələri, gənclər və yeniyetmələr toplaşmışdılar ki, bu da öz köklərinə məhəbbət ruhunda tərbiyə olunmuş nəsillər arasında əlaqəni bariz nümunəsi idi.
Tədbiri “Azİz” Assosiasiyasının idarə heyətinin üzvü, vəkil İlana Laytman açmışdır. İlana Laytman İsrailin çoxsaylı azərbaycanlı icmalarından birinin yerləşdiyi Lod şəhərində “Yəhudi Evi” Partiyasının fəal üzvlərindən biridir. Tədbirin məhz bu şəhərdə keçirilməsinin təşəbbüskarı da odur.
“Azİz” Assosiasiyası nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman Xocalı faciəsi barədə ətraflı informasiya ilə çıxış edərək demişdir: “Faciənin bu gün nümayiş etdirdiyimiz qəddar və amansız səhnələri Azərbaycanın ürəyində ağır və sağalmaz yaradır. Erməni cəlladlarının bir soyuq qış gecəsində 613 nəfəri məhv etdikləri, çoxlarını görünməmiş işgəncələrə, təhqir və həqarətlərə məruz qoyduqları Xocalı qırğını bütün bəşəriyyətə qarşı yönəlmiş cinayətdir”.
Mərkəzin direktoru müasir Azərbaycandan, onun mədəniyyətindən və tarixindən, habelə intensiv şəkildə inkişaf edən qarşılıqlı faydalı Azərbaycan-İsrail əlaqələrindən söz açmışdır.
Fotosərginin açılışına gələn İsrail parlamentinin deputatı Şuli Mualem çıxışında fotosərgidə gördüklərindən dəhşətə gəldiyini, hiddətləndiyini səmimi sözlərlə ifadə edərək demişdir: “İnanıram ki, Xocalı ədaləti zəfər çalacaq, azərbaycanlı qaçqınların hüquqları bərpa olunacaq, erməni işğalçıları tərəfindən Xocalıda qətlə yetirilmiş günahsız dinc sakinlərin xatirəsi əbədi olaraq xalqın yaddaşına həkk olunacaqdır”.
O vurğulamışdır ki, bütün dünyanın yəhudi icmaları vahid yəhudi xalqının bir hissəsidir və sağ yönümlü “Yəhudi Evi” Partiyası öz qapılarını açıq saxlayır və belə tədbirləri dəstəkləyir, çünki hər bir xalq öz köklərini yadda saxlamalı və böyüməkdə olan nəsli vətənpərvərlik ruhunda tərbiyə etməlidir.
Lodun meri Yair Revivo demişdir: “Mən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini kəskin pisləyirəm və bu münaqişədən ziyan çəkmiş qardaş Azərbaycan xalqını dəstəklədiyimi bildirirəm”.
İsrail parlamentinin deputatı Şuli Mualem, Lodun meri Yair Revivo, habelə sərginin digər iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirə kitablında ürək sözlərini yazmışlar.