İSVEÇRƏDƏKİ AZƏRBAYCAN VƏ YƏHUDİ DİASPORLARI ARASINDA ƏLAQƏLƏR GENİŞLƏNİR
AZƏRTAC xəbər verir ki, İsveçrədəki nüfuzlu Or Xadaş sinaqoqunda Azərbaycanı tanıtma gecəsi keçirilmişdir.
Tədbirdə Azərbaycan tarixinin müxtəlif mərhələləri və bugünkü inkişafı ilə bağlı slaydların müşayiəti ilə ətraflı informasiya verilmiş, qonaqlar xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumatlandırılmışlar.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin göndərdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ölkəmizdəki dağ yəhudiləri haqqında bröşür, kitab və bukletlər də mərasim iştirakçılarına təqdim edilmişdir. Azərbaycanlı gənc xanım “Azərbaycan“ şeirini oxumuşdur.
Tədbirin ikinci hissəsi isə Azərbaycanda yaşayan dağ yəhudilərinə həsr olunmuşdur. Dağ yəhudilərinin dilində oxunan mahnının müşayiəti ilə slaydlar göstərilmiş, yəhudilərin Azərbaycandakı yaşayışı haqqında məlumat verilmiş, qonaqların sualları cavablandırılmışdır. Dövlət Komitəsinin əməkdaşı qonaqlara Azərbaycan-İsrail simpoziumu haqqında da məlumat vermişdir.
Təxminən 150 nəfərin iştirak etdiyi tədbirdə ənənəvi Şabat mərasimindən sonra qonaqlara Or Xadaş cəmiyyəti aşpazının hazırladığı Azərbaycan xörəklərindən ibarət şam yeməyi verilmişdir. Eyni zamanda, qonaqlara Dövlət Komitəsinin xüsusi olaraq bu tədbir üçün göndərdiyi paxlava, şəkərbura və şəkərçörəyi paylanmış, eləcə də bu şirniyyatların alman dilində çap olunmuş hazırlanma qaydaları qonaqlara hədiyyə edilmişdir.
Tədbirin sonunda isə 11 yaşlı azərbaycanlı gənc saksafonda yəhudi musiqisini ifa etmişdir.
Qonaqlar Azərbaycandakı dağ yəhudiləri ilə əyani tanışlıq və onların həyat səviyyəsini öz gözləri ilə görmək üçün ölkəmizə dəvət olunmuşlar. Bu cür tədbirlərin İsveçrənin bütün yəhudi icmalarında kecirilməsi və diaspor təşkilatları arasında əlaqələrin genişləndirilməsi qərara alınmışdır.
######
