Kiyevdə Azərbaycan diasporunun III Ümumukrayna forumu keçirilmişdir
Kiyev, 22 may (AZƏRTAC). Mayın 21-də Kiyevdəki Prezident otelinin “Avropa” konfrans zalında “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” (UABD) Ümumukrayna İctimai Təşkilatı “Müasir Ukrayna: dövlətin inkişafında Azərbaycan diasporunun rolu və yeri” adlı III Ümumukrayna forumu keçirmişdir.
Tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, iki ölkənin tanınmış ictimai-siyasi xadimləri, Azərbaycan diasporunun Alimlər Şurasının üzvləri, elm, mədəniyyət xadimləri, UABD-nin regional təşkilatlarının rəhbərləri və nümayəndələri, sahibkarlar iştirak etmişlər.
İki dost ölkənin dövlət himnləri səsləndirildikdən sonra UABD-nin sədri Hikmət Cavadov forumun iştirakçılarını salamlamışdır.
Tədbirdə çıxış edən Azərbaycanın Kiyevdəki səfiri Eynulla Mədətli forumu yüksək qiymətləndirmiş, UABD-nin, Ukraynadakı digər Azərbaycan diaspor təşkilatlarının aktiv fəaliyyətini alqışlamışdır. O qeyd etmişdir ki, həmvətənlərimiz həmişə Azərbaycan səfirliyinin dəstəyinə və hərtərəfli yardımına arxalana bilərlər.
Sonra səfir Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu direktorunun müavini, filologiya üzrə fəlsəfə doktoru Şamil Sadiqin Azərbaycan, Ukrayna, ingilis və rus dillərində buraxılmış “Azərbaycan dilini öyrənirəm” adlı dərs vəsaitini toplaşanlara təqdim etmişdir. Ukraynada bu layihə Hikmət Cavadovun təşəbbüsü ilə həyata keçirilmişdir.
Diplomat xüsusi vurğulamışdır ki, bu tədris vəsaiti Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın hərtərəfli dəstəyi sayəsində çapdan çıxmışdır.
Tədris vəsaitinə giriş sözündə Leyla Əliyeva vurğulamışdır: “Xaricdə yaşayan həmvətənlərimizin öz milli dəyərlərini yaşatması üçün bu cür layihələrin reallaşması çox vacib faktordur. Azərbaycan dilini, ədəbiyyatını, adət-ənənlərini , mədəniyyətini yaşatmaq üçün hər bir azərbaycanlı əlindən gələni etməlidir. Çünki harada yaşamağımızdan asılı olmayaraq bizi birləşdirən əvəzolunmaz varlığımız Vətənimizdir - Azərbaycandır, Azərbaycan dilidir!”.
Sonda səfir xalqın sıx birləşməsində, fəal həyat mövqeyində, tarixi vətənlə əlaqələrin möhkəmləndirilməsində həmvətənlərimizə uğurlar arzulamışdır. O, diasporun bir qrup fərqlənmiş fəallarını səfirliyin fəxri fərmanları ilə təltif etmişdir.
Forumun ikinci hissəsində Azərbaycan diasporunun həyat fəaliyyətinin müxtəlif aspektləri müzakirə edilmişdir.
Forumun yekunları üzrə qətnamə qəbul olunmuşdur.
Tədbir çərçivəsində Azərbaycanın tanınmış rəssamı, Ukrayna Rəssamlar İttifaqının üzvü Rasim Seydimovun əsərlərindən ibarət sərgi təşkil edilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev