SİYASƏT
Kiyevdə Ukraynada yaşayan azərbaycanlıların etiraz tədbiri keçirilir
Bakı, 24 may (AZƏRTAC). Ukraynanın əsas televiziya kanallarından olan “İnter” kanalının binası qarşısında Ukraynada yaşayan azərbaycanlıların etiraz tədbiri keçirilir. Bu barədə AZƏRTAC-a Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporundan məlumat vermişlər.
Tədbirin iştirakçıları bu il mayın 11-də “Podrobnosti” proqramında Qarabağ müharibəsinin səbəbləri və gedişi haqqında məlumatı kobud şəkildə təhrif edən, habelə Azərbaycanın ərazi bütövlüyünə son dərəcə hörmətsizlik edən fitnəkar xarakterli çarxın efirə çıxmasına etiraz edirlər.
Təşəbbüs qrupunun nümayəndəsi Orman Əliyev başda olmaqla “Demokratiyanın nəbzi” Beynəlxalq İctimai Təşkilatının fəalları da etiraz tədbirinə qoşulmuşlar.
Tədbirin iştirakçıları əllərində Azərbaycan Respublikasının bayraqlarını tutaraq ədalətə çağıran şüarlar səsləndirirlər.
Tədbirdən sonra kanalın rəhbərliyinə Azərbaycan diasporunun izahat tələb edən, habelə Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti Ukrayna tamaşaçısına çatdırmaq üçün efir vaxtı verilməsini təklif edən qətnamə təqdim etmək planlaşdırılır.