Kiyevdə Ümumukrayna Birləşmiş Diasporunun üçüncü Forumu keçirilmişdir
Bakı, 22 may (AZƏRTAC). Ukraynanın paytaxtı Kiyev şəhərində Ümumukrayna Birləşmiş Diasporunun “Müasir Ukrayna: Azərbaycan diasporunun dövlətin inkişafındakı yeri və rolu” mövzusunda üçüncü Forumu keçirilmişdir.
Diasporla İş Üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilmişdir ki, Forumda azərbaycanlı alimlər, iş adamları və ziyalılar iştirak etmişlər.
Tədbiri Ümumukrayna Birləşmiş Diasporunun sədri Hikmət Cavadov açmış, diasporun problemləri və inkişaf perspektivləri müzakirə olunmuşdur.
Sonra Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli çıxış edərək artıq üçüncü dəfədir keçirilən tədbirin əhəmiyyətindən danışmışdır. Səfir bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xaricdə yaşayan azərbaycanlılara hər zaman dəstək verir və diaspor təşkilatlarının fəaliyyətini yüksək qiymətləndirir.
Forumda Ukraynada fəaliyyətə başlamış Diaspora TV-nin və Ümumukrayna Birləşmiş Diasporunun nəşr etdirdiyi dərsliyin təqdimatı keçirilmişdir. İştirakçılar təqdim olunan dərsliyin azərbaycanlı məktəblilər və ümumilikdə Azərbaycan dilini öyrənmək istəyənlər üçün çox dəyərli tədris vəsaiti olduğunu qeyd etmişlər.
Forumun ikinci hissəsində mayın 25-də Ukrayna Prezidenti və Kiyev şəhər meri vəzifələrinə keçiriləcək seçkilər və azərbaycanlıların bu proseslərdə fəallığının artırılması məsələləri müzakirə edilmişdir.
Müzakirələrdə Ukraynadakı azərbaycanlıların ölkənin ictimai-siyasi həyatında fəallığının artırılmasının vacibliyi vurğulanmışdır.