Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 6 santimetr artıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-110, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında 10-40 və Naxçıvan Muxtar Respublikası çaylarında isə 130 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, sentyabrın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 60 kubmetr olmaqla ongünlük normanın 43 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 140 kubmetr təşkil edərək ongünlük normanın 101 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 12 kubmetr olmaqla ongünlük normanın 13 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 24 kubmetr təşkil edərək ongünlük normanın 27 faizinə bərabər olub.
Sentyabrın 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Araz çayının Novruzlu məntəqəsində 4 santimetr artım, Şirvanda 2, Salyanda 5 santimetr azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 326 (2016-cı il sentyabrın 15-də 407 sm), Şirvanda 179, Salyanda 130 (2016-cı il sentyabrın 15-də 237 sm), Bankədə 167 (2016-cı il sentyabrın 15-də 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 62 santimetr (2016-cı il sentyabrın 15-də 125 sm) təşkil edir.