Kürdəmirdə karantin rejimi ilə bağlı maarifləndirmə tədbirləri aparılır
Kürdəmir, 30 mart, AZƏRTAC
Kürdəmir rayonunda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təhlükəli epidemiyanın yayılmasının qarşısının alınmasına, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə icra hakimiyyəti aparatının, inzibati ərazi dairələri nümayəndəliklərinin və bələdiyyələrin əməkdaşlarından ibarət 80 nəfərlik qrup yaradılıb. Onlar küçə və parklarda, əhalinin sıx toplaşdığı yerlərdə, kənd mərkəzlərində maarifləndirmə tədbirləri həyata keçirirlər. Sakinlərlə aparılan söhbətlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar və tövsiyələr ətraflı izah olunur, bunlara mütləq qaydada əməl edilməsinin zəruriliyi bildirilir.