Litva ilə Azərbaycan arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var
Bakı, 2 iyul, AZƏRTAC
Litvada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyulun 2-də bir sıra görüşlər keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-polkovnik Zakir Həsənov səfər çərçivəsində Litva Hərbi Məktəbini ziyarət edib.
Tanışlıqdan sonra keçirilən görüşdə ölkələrimizin hərbi təhsil sahəsində əməkdaşlığının genişləndirilməsi istiqamətində böyük imkanların olması, qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsi, müxtəlif mövzularda seminarların, kursların və digər tədbirlərin təşkili barədə fikir mübadiləsi aparıb.
Sonra müdafiə naziri Zakir Həsənov NATO Enerji Təhlükəsizliyi Mərkəzində olub.
Nazirə mərkəzin təyinatı, məqsədi, fəaliyyəti, enerji təhlükəsizliyi sahəsində keçirilən tədbirlər, planlaşdırılan işlər barədə ətraflı məlumat verilib.
Müdafiə naziri beynəlxalq sülhyaratma əməliyyatlarına Azərbaycanın dəstəyini, ölkəmizin hər zaman terrora və separatizmə qarşı qəti mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.
Görüşlərdə ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib.