Mingəçevir Turizm Kollecinin məzunları respublikanın bölgələrindəki turizm və kurort komplekslərində çalışırlar
Mingəçevir, 28 aprel (AZƏRTAC). Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Mingəçevir Turizm Kollecinin pedaqoji kollektivi və tələbələri ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, kollecin direktoru, professor Əyyub Əyyubov təhsil müəssisəsinin fəaliyyəti, təhsilin səviyyəsi, maddi texniki bazası haqqında məlumat vermişdir.
Bildirilmişdir ki, hazırda kollecdə 13 ixtisas üzrə 2400 tələbə təhsil alır. Tələbələrin təlim-tərbiyəsi ilə 200 nəfərlik pedaqoji heyət məşğul olur. Kollecdə 8 fənn komissiyası, tədris işləri, kadrlar, əyani və qiyabi təhsil üzrə şöbələr, mühasibatlıq və azad həmkarlar təşkilatı fəaliyyət göstərir. Tədrisin təşkilində müasir texnikadan və informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunur. Kollecdə tələbələrə vətənpərvərlik hislərinin aşılanması, tələbələrin asudə vaxtlarının səmərəli təşkili, tarixi günlərimizin, bayramlarımızın, anım günlərimizin qeyd edilməsi və tələbələrin zərərli vərdişlərdən uzaq olması üçün böyük işlər görülür. Tələbələrdən ibarət bədii özfəaliyyət kollektivi və tələbə-idmançılar kollecin və şəhərin tədbirlərində daim iştirak edirlər. Hazırda kollecin məzunları Mingəçevir, Şəki, Zaqatala, Qəbələ, Balakən, İsmayıllı, Naftalan, Şamaxının mehmanxana, otel və kurort komplekslərində çalışırlar.
Nazim Səmədov kollecin tədris proqramları ilə maraqlanmış, Heydər Əliyev adına İdeoloji Mərkəzlə tanış olmuş, kimya-fizika laboratoriyasına, ümumtəhsil və ixtisas fənləri üzrə kabinetlərə, kompyuter və test otaqlarına və kitabxanaya, idman meydançasına baxmışdır.