Mingəçevirdə “Xidmət sahəsinin təşkilinin peşəkarlıq meyarları” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir
Mingəçevir, 3 dekabr (AZƏRTAC). Mingəçevir Turizm Kollecində “Xidmət sahəsinin təşkilinin peşəkarlıq meyarları” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə kollecin foyesində nümayiş etdirilən tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Sonra təhsildə və idmanda böyük nailiyyətlər qazanmış tələbələrlə görüş olmuş və onların nailiyyətlərini əks etdirən fotoguşəyə baxış keçirilmişdir.
Kollecin Heydər Əliyev adına ideoloji mərkəzində təşkil olunan konfransda şəhər icra hakimiyyətinin, təhsil şöbəsinin, hüquq mühafizə orqanlarının nümayəndələri, ziyalılar, müəllim və tələbələr iştirak etmişlər.
Konfransda kollecin direktoru, professor Əyyub Əyyubovun “Xidmət sahələri üçün ixtisaslı kadr hazırlığı” mövzusunda məruzəsi dinlənilmişdir. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən, Mingəçevir Turizm Kollecində təhsil alan gənclərin peşəkar kadr kimi formalaşması üçün reallaşdırılan işlərdən danışmışdır. O, təhsil ocağının xarici ölkələrdə fəaliyyət göstərən təhsil ocaqları ilə sıx əməkdaşlıq əlaqələri yaratdığını, kollecin müəllim və tələbələrinin bir sıra beynəlxalq tədbirlərdə fəal iştirak etdiyini vurğulamışdır.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Sahib Əliyev “Azərbaycan turizminin inkişafı və xidmət sahələrinin formalaşdırılması”, “Kür” Olimpiya İdman Tədris Mərkəzinin icraçı direktoru Elnur Hacıyev “Otel və idman xidmətinin təşkili”, kollecin müəllimlərindən Ceyhun Abdullayev “Azərbaycanın bölgələrində turizmin inkişafına imkan verən təbii və coğrafi şərait”, Xanım Məmmədova “Xidmət sahəsinin təşkili üçün xarici dil tədrisinin rolu”, Şahsuvar Heydərov “Turizm və nəqliyyat xidmətlərinin yaxşılaşdırılmasında bəzi vacib məsələlər”, tələbələrdən Tural Kərimov “Regionlarda turizmin sürətli inkişafı peşəkarlığın göstəricisidir”, Çinarə Məmmədova “Turizmdə nəqliyyat xidmətinin təşkili meyarları”, Elşad Səmədov “Restoranlarda banket və qəbulların təşkilində xidmətin özəllikləri”, Ehtiram Əliquliyev “Nömrə və yerlərin bronlaşdırılmasında müasir texnologiyanın tətbiqi”, Zeynəb Mütəllimli “Mehmanxanalarda nömrələrə sanitar-gigiyenik tələblər”, Aytən Mirzəyeva “Azərbaycanın turizm marşurutları və ekskursiya işinin təşkili”, Pərvin Mirzəyev “Təhlükəsizliyin yüksək səviyyəli təşkili xidmətin əsas meyarıdır” mövzularında məruzələrlə çıxış etmişlər.