MOSKVADA “AZƏRBAYCAN DİASPORU RUSİYA SOSİOLOGİYASININ AYNASINDA” MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moskva Millətlər evində “Azərbaycan diasporu Rusiya sosiologiyasının aynasında” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbiri Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) və Rusiya Elmlər Akademiyasının (REA) Sosiologiya İnstitutu təşkil etmişdi.
Konfransda Azərbaycan diasporunun Rusiya Federasiyasındakı vəziyyəti, onun yeni miqrasiya şərtlərinə uyğunlaşması, habelə Rusiyada millətlərlərarası münasibətlərlə bağlı mövzular müzakirə olunmuşdur. Konfransın işi Moskvadakı Azərbaycan diasporunun vəziyyətinin birgə öyrənilməsi haqqında ötən il imzalanmış razılaşma çərçivəsində ÜAK və REA-nın birgə apardığı sosioloji tədqiqatlar əsasında qurulmuşdu. Elmi tədqiqatları ÜAK-ın fəal iştirakı ilə Moskvanın, Kaluqanın, Tümenin və digər şəhərlərin tanınmış sosioloqları aparmışlar.
ÜAK hesab edir ki, bu cür tədbirlər problemləri üzə çıxarmağa imkan verən millətlərarası dialoqun əsas cəhətləlrindən biridir. Belə ki, həm Rusiyada, həm də bütün dünyada miqrasiya prosesləri güclənir və bu problemləri nəzərə almamaq səhv siyasətdir. Millətlərarası və etnoslararası problemləri yalnız açıq dialoq yolu ilə həll etmək mümkündür.
REA-nın Sosiologiya İnstitutunun (REA Sİ) Etnoslararası Münasibətlərin Tədqiqi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru professor L.Drobijeva əsas mühazirə ilə çıxış etmişdir. O vurğulamışdır ki, vaxtında çıxarılan elmi nəticələr cəmiyyətə sosial gərginliyin qarşısını almağa, xeyirxah millətlərarası münasibətlər qurmağa imkan verir.
Rusiya Dövlət Duması millətlərin işləri komitəsinin sədri R.Konopyanova bu cür tədbirlərin əhəmiyyətini vurğulayaraq, komitənin Rusiyadakı diasporlarla işində əsas istiqamətlərdən danışmışdır. Bu, milli siyasətin dövlət tərəfindən maliyyələşdirilməsi, başqa millətlərin nümayəndələrinin müxtəlif birliklərdə təşkilatlanması, millətlərarası münasibətlərin hüquqi əsasda nizama salınması strategiyası məsələləridir.
REA Sİ diasporların etnososiologiyası bölməsinin rəhbəri V.Şapironun “Azərbaycan yeniyetmələri: etnik özünüdərk və beynəlxalq münasibətlər”, REA Sİ-nin baş elmi işçisi İ.Kuznetsovun “Azərbaycan miqrantları Moskvada: uyğunlaşmanın xüsusiyyətləri”, REA Sİ-nin aparıcı mütəxəssisi V.Mukomelin “Azərbaycanlılar Rusiyanın lokal əmək bazarında”, Kaluqa Dövlət Pedaqoji Universitetinin professoru V.Popkovun “Rusiya əyalətlərindəki Azərbaycan diasporunun təqiqi təcrübəsi” mövzularında məruzələri dinlənilmişdir.