Moskvada “Energetika bazarlarının təhlili” forumu keçiriləcək
Bakı, 2 fevral, Laçın Sultanova, AZƏRTAC
Martın 26-27-də Moskvada “Energetika bazarlarının təhlili” forumu keçiriləcək. Forumun təşkilatçılarından biri olan Britaniyanın “Confidence Capital” şirkətindən AZƏRTAC-a bildiriblər ki, dünyanın aparıcı analitikləri vahid informasiya mübadiləsi məkanı çərçivəsində qlobaldan tutmuş yoxsul bazarlara qədər energetika bazarlarının inkişaf meyillərinə öz baxışlarını təklif edəcəklər.
Şirkətdən bildiriblər ki, forumda təhlil və proqnozlaşdırma ilə məşğul olan aparıcı təhlil agentlikləri və mərkəzləri enerji bazarlarının inkişaf ssenarilərini təqdim edəcək, energetika bazarlarının (neft, qaz, kömür, elektroenergetika) bir-birindən asılılığının, idxalat/ixracat bazarının dəyişən xəritəsinə əsas oyunçuların təsirinin, bazarların inkişafının yeni meyilləri və ssenariləri haqqında ətraflı informasiyanın, neftin qiymət proqnozunun tam mənzərəsini canlandıracaqlar. Şist inqilabı, yeni neft emalı zavodları, netto-idxalatçılar, enerji resurslarına tələb və təklifin balansı, kömürə qarşı qaz və s. məsələlər də müzakirə mövzusu olacaq.
Tədbir dünya və lokal energetika bazarlarının inkişafının aktual meyillərinin və ssenarilərinin və energetika şirkətlərinin konkret inkişaf strategiyalarının işlənib hazırlanmasına onların təsirinin müəyyən olunması məqsədilə MDB ölkələrinin energetika şirkətlərinin rəhbərlərini, dövlət qurumlarının nümayəndələrini, xarici analitikləri və siyasətçiləri bir araya gətirəcək.