MOSKVADA HƏMVƏTƏNİMİZİN 50 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moskva Dövlət Sosial-Humanitar İnstitutunun rektoru, siyasi elmlər namizədi Vaqif Bayramovun 50 illik yubileyi qeyd olunmuşdur.
V.Bayramov Rusiyada dayaq-hərəkət sistemi pozulmuş əlillər üçün yeganə ali məktəbə başçılıq edir. Yubilyarın əlil uşaqların peşə təhsilinin səviyyəsinin yüksəldilməsinə verdiyi töhfə sayəsində fiziki imkanları məhdud olan uşaqların orta və ali peşə təhsili üzrə fasiləsiz sistem yaradılmışdır. İdman sahəsində nadir metodik əsərlərin müəllifi olan V.Bayramov paralimpiya hərəkatına, Rusiya yığmasının hazırlığının təkmilləşdirilməsinə misilsiz töhfə vermişdir. Özünün bu sahədə geniş fəaliyyəti sayəsində dəfələrlə müxtəlif fəxri fərmanlara və mükafatlara layiq görülmüşdür.
V.Bayramova 50 illik yubileyi münasibətilə Rusiya Təhsil və Elm Nazirliyinin “RF-nin gənclər siyasəti sahəsinin fəxri işçisi” və “RF-nin orta peşə təhsilinin fəxri işçisi” döş nişanları təqdim olunmuşdur.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da yubilyara öz səmimi təbriklərini çatdırmışdır: “Fəxr edirik ki, Rusiyanın müəyyən baxımdan dövlət əhəmiyyətli bu institutuna ölkə cəmiyyətinin, professor-müəllim heyətinin böyük etimadı sayəsində RF-nin müasir təhsil sistemində gənclər siyasətinin bərqərar edilməsinə və inkişafına böyük töhfə vermiş həmvətənimiz başçılıq edir”.
Rusiyanın insan hüquqları üzrə müvəkkili, Paralimpiya Komitəsinin prezidenti V.Lukin, Rusiya Təhsil və Elm Nazirliyi, Moskva Ali Məktəbləri Assosiasiyası, Dövlət Dumasının, Moskva Şəhər Dumasının deputatları, ölkənin digər müəssisələrinin rəhbərləri də yubilyara səmimi təbriklərini göndərmişlər.