SİYASƏT
MOSKVADA ÜAK RƏHBƏRLİYİNİN AZƏRBAYCANLI TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ümumrusiya Azərbaycan Konqresi rəhbərliyinin Azərbaycan və Rusiya təhsil nazirliklərinin Konqresə ayırdığı normalarla RF ali məktəblərinə daxil olmuş azərbaycanlı tələbələrlə görüşü keçirilmişdir. Bu il Rusiyanın ali məktəblərinə bu ölkədə yaşayan 49 Azərbaycan vətəndaşı daxil olmuşdur. ÜAK-ın xətti ilə 4 ildə Moskvada və RF-nin digər regionlarında 100-dək həmvətənimiz ali məktəbə qəbul edilmişdir.
ÜAK-ın prezidenti, İctimai Palatanın üzvü Məmməd Əliyev yeni tədris ili münasibətilə tələbələri təbrik edərək onlara uğurlar arzulamışdır. M.Əliyev Rusiyada yaşayan azərbaycanlılar üçün qəbul imtahanlarının Konqresdə keçirilməsi barədə ÜAK-ın təşəbbüsünü Azərbaycan Prezidentinin və dövlətinin dəstəklədiyini xüsusi vurğulayaraq demişdir: “Ölkəmizin rəhbərliyi azərbaycanlıların xaricdə təhsil almalarına böyük diqqət yetirir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu ənənə uğurla davam etdirilir”. O, Leyla Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin dəstəyini də vurğulayaraq demişdir ki, nümayəndəliyin fəalları Konqresin işinə səylə qoşularaq, gənclərin təlim-tərbiyəsinə, eləcə də təhsil məsələlərinə yaxından kömək göstərirlər.
ÜAK-ın Təhsil Komitəsinin sədri Tofiq Məlikli, ÜAK Aparatının icraçı direktorunun birinci müavini İlqar Hacıyev təhsil sahəsində görülmüş işlərdən danışaraq bildirmişlər ki, hazırda Rusiyanın 17 regionundakı 45 ali təhsil müəssisəsində ÜAK-ın xətti ilə 88 Azərbaycan vətəndaşı təhsil alır.
Tamilla Əhmədova və Nemət Nağdəliyev əmin etmişlər ki, təhsil sahəsini fəaliyyətinin ən öncül istiqamətlərindən biri hesab edən Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi bundan sonra da həmin istiqamətdə kömək göstərmək niyyətindədir. Rusiya Azərbaycanlı Gənclər Təşkilatının nümayəndəsi Emin Hacıyev gənc tələbələrin bu ictimai qurumun işinə fəal qoşulmalarının vacib olduğunu bildirmişdir.
Tələbələr, onların valideynləri və müəllimlər çıxışlarında Rusiyanın ən mötəbər ali məktəblərində təhsil almaq imkanına görə ölkəmizin rəhbərliyinə, Heydər Əliyev Fonduna dərin minnətdarlıqlarını bildirmişlər.