SİYASƏT
Moskvada ümumşəhər Novruz şənliyi keçirilmişdir
Moskva, 27 mart (AZƏRTAC). Moskvada, “Rossiya” Dövlət Mərkəzi Konsert Salonunda ümumşəhər Novruz şənliyi keçirilmişdir.
Tədbirin təşkilatçısı olan Moskva Hökumətinin mətbuat xidmətindən bildirmişlər: “Bu, ənənəvi olaraq müxtəlif millətlərdən olan moskvalıların diqqətini cəlb edən şəhər miqyaslı əhəmiyyətli ictimai hadisədir”. Bu il baharın gəlişini birgə bayram etmək üçün “Rossiya” konsert salonuna beş mindən çox adam toplaşmışdır.
Hər bir diaspora öz milli kostyumlarını, yemək və bəzək əşyalarını qonaqlara nümayiş etdirmək imkanı verilmişdir.
Ümumrusiya Azərbaycan Konqresi “Odlar yurdu Azərbaycan” stendini təqdim etmişdir. Azərbaycanın rəngarəng stendinə baxmağa gələnlər Azərbaycan xalqının tətbiqi sənət elementləri, məişət əşyaları, musiqi alətləri, milli geyimləri, suvenirləri, habelə Rusiya Federasiyasının Əməkdar Rəssamı Əsgər Məmmədovun gözəl əsərləri və “Baku” jurnalının parlaq şəkilləri ilə tanış olmuşlar.
Milli diasporlar öz ölkələrinin ən yaxşı kulinariya ənənələrini də nümayiş etdirmişlər. Qeyd edək ki, başqalarından fərqli olaraq, Azərbaycan mətbəxinin yeməkləri pulsuz təqdim edilmişdir. Arzu edən hər kəs dolma, plov, qutab, paxlava, şəkərburanın və başqa delikateslərin dadına baxmışdır.
Fəridə Abdullayeva
AZƏRTAC –ın xüsusi müxbiri
Moskva