SİYASƏT
Murmanskda 20 Yanvar faciəsinin 24-cü ildönümünü qeyd etmişlər
Bakı, 23 yanvar (AZƏRTAC). Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Rusiyanın Murmansk vilayəti üzrə regional şöbəsi və vilayətin Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) Qanlı Yanvarın 24-cü ildönümünə həsr olunmuş tədbir keçirmişlər.
İctimai Palatanın üzvü və ÜAK-ın Murmansk şöbəsinin sədri Afil Hüseynov tədbirdə çıxış edərək demişdir ki, 1990-cı ilin 20 yanvar faciəsi Azərbaycan xalqının tarixi salnaməsinə azadlıq və istiqlaliyyət uğrunda həlak olmuş şəhidlərin anım günü kimi yazılmışdır. İnsanlar şəhidlərin məzarları önündə baş əyir, onları hüzn və minnətdarlıq hissi ilə yad edirlər. Yanvar faciəsi xalqın yaddaşında həm də mərdlik və əzmkarlıq rəmzinə çevrilmişdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Qorbaçov başda olmaqla sovet hökuməti Bakıda son dərəcə amansızlıqla dəhşətli cinayət törətmişdir. Yanvarın 20-də şəhərə tanklar, ordu hissələri yeridilmiş, misli görünməmiş qırğın törədilmişdir. Tanklar və zirehli transportyorlar yüzlərlə insanı məhv və şikəst etmişdir. Ordu ən müasir döyüş vasitələrindən istifadə etmiş, insanlara tanklardan, minomyotlardan, avtomatlardan atəş açılmışdır. Bir neçə nəfər öz mənzillərində oturduqları vaxt evlərin pəncərələrinə əsgərlərin atdıqları güllələrin qurbanı olmuşdur. “Zərbə” adlı bu hərbi əməliyyata iki nazir - müdafiə naziri, Bakı qırğınından sonra marşal olmuş ordu generalı Yazov və daxili işlər naziri Vadim Bakatin rəhbərlik etmişlər.
Bu cinayətkar əməliyyat nəticəsində 147 mülki şəxs ölmüş, 700 nəfər yaralanmış, 400 adam xəbərsiz-ətərsiz itkin düşmüşdür. 1990-cı il yanvarın 22-də şəhərin Dağüstü parkında Şəhidlər Xiyabanı - qardaşlıq qəbiristanı yaranmışdır. Burada müxtəlif millətlərdən olan qadınlar, qocalar, gənclər, uşaqlar - azərbaycanlılar, ruslar, yəhudilər, tatarlar, ləzgilər, gürcülər və başqaları uyuyur.
Sonra ÜAK regional şöbəsi rəyasət heyətinin üzvü, “Freqat” firmasının rəhbəri Amil Vəliyev çıxış edərək demişdir ki, yanvarın 19-dan 20-nə keçən gecə Moskva Azərbaycana və onun xalqına qarşı cinayət törətmişdir. Bakı faciəsinin kökləri o vaxt Ermənistan tərəfdən Azərbaycana qarşı iki ildən çox davam edən təcavüzə gedib çıxır.
Tədbirdə Murmansk vilayəti üzrə RAGB-in sədri Vüsal İbrahimov, RAGB fəalları Səbinə Əliyeva, Elvira Hüseynova, sahibkarlar Sadiq Salmanov, Vidadi Hümbətov, Məmmədağa Məmmədov, Yaqub Şükürov, Xaləddin Cəfərov çıxış etmişlər.