Murmanskda 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 1 aprel (AZƏRTAC). Rusiya Azərbaycanlıları Konqresi (RAK) Murmansk şöbəsi mətbuat xidmətinin rəhbəri Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, Murmanskda 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə şəhərin müxtəlif milli diaspor nümayəndələri, Murmansk vilayətindəki Azərbaycan mədəniyyət mərkəzinin rəhbərləri və üzvləri, regionun azərbaycanlı icmalarının təmsilçiləri, gənclər və tələbələr, RAK Murmansk regional şöbəsinin fəalları, jurnalistlər iştirak etmişlər.
Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə RAK Murmansk regional şöbəsi sədrinin müavini Vüsal İbrahimov bildirmişdir ki, azərbaycanlıların soyqırımı günü Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanına əsasən Azərbaycanda martın 31-də qeyd olunur. Həmin gün Azərbaycanda və Azərbaycan diasporu tərəfindən xarici ölkələrdə 1918-ci ilin martında Bakıda və Bakı quberniyalarında törədilmiş soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş kütləvi tədbirlər keçirilir.
V.İbrahimov demişdir ki, 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktı XX yüzilliyin sonunda da davam etdirilmişdir. 1988-ci ildən başlayaraq ermənilər azərbaycanlılara qarşı əsassız ərazi iddiaları ilə çıxış etməyə başlamışlar. Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı aparılan deportasiya, soyqırımı və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın iyirmi faizi işğal olunmuş, bir milyondan artıq soydaşımız doğma yurd-yuvalarından qovulmuşdur.
Sonra tədbir iştirakçıları ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilmiş soyqırımı siyasətindən bəhs edən, faktlar əsasında lentə alınmış və nəinki Azərbaycanda, habelə dünya ictimaiyyətində çox böyük rezonansa səbəb olmuş sənədli filmə baxmışlar.
RAK Murmansk vilayəti ictimai təşkilatları tərəfindən yayılmış mətbuat üçün açıqlamada deyilir: “...1918-ci ilin martında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliama ilk siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. 1998-ci il martın 26-da ulu öndərin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu baxımdan böyük tarixi əhəmiyyətə malik sənəddir. Mart qırğınına ilk dəfə siyasi qiymətin verildiyi həmin sənədə əsasən, hər il martın 31-i Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur”.
Tədbirdə digər çıxış edənlər bildirmişlər ki, dünya ictimaiyyəti təcavüzkarı və təcavüzü həyata keçirən ölkəni artıq yaxşı tanıyır. Azərbaycan xalqı inanır ki, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət kursu nəticəsində Azərbaycan torpaqları tezliklə azad olunacaq və soydaşlarımız öz tarixi yerlərinə qayıdacaqlar.