Murmanskda “Kitabxanada mədəniyyətlərin dialoqu” görüşü keçirilmişdir
Bakı, 16 may (AZƏRTAC). Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin fərmanı ilə 2014-cü il Mədəniyyət İli elan edilmişdir. Bununla əlaqədar olaraq Rusiyanın hər yerində bu hadisəyə həsr olunmuş müxtəlif tədbirlər, konfranslar, seminarlar, sərgilər və konsertlər keçirilir.
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Birliyinin Murmansk Vilayət bölməsinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, bu şimal şəhərində öz nadir ənənələri olan müxtəlif millətlərin nümayəndələri yaşayırlar. Müxtəlif etnosları olan insanlar arasında ən təsirli qarşılıqlı anlaşma forması, bildiyimiz kimi, bu xalqların mədəniyyətinin öyrənilməsidir.
Rusiyada Mədəniyyət İlinin bayram edilməsi çərçivəsində Murmansk informasiya intellekt mərkəz-filialının konfrans salonunda “Kitabxanada mədəniyyətlərin dialoqu” adlı tematik görüş keçirilmişdir. Tədbirdə Murmanskda yaşayan müxtəlif millətlərin nümayəndələri toplaşmışlar. Murmansk vilayəti İctimai Palatasının üzvü və ÜAK-ın Murmansk bölməsinin sədri Afil Hüseynov Vətənimizdən, Azərbaycandan danışmışdır.
Xalqların müxtəlif mədəniyyətlərin bir-birini zənginləşdirməsinə, qarşılıqlı anlaşmaya olan tələbatı, bir-birinin mənəvi dünyasını tanımaq səyi onların arasında əlaqələrin genişlənməsinə səbəb olur. Əməkdaşlığımız, şübhəsiz, buna kömək göstərəcəkdir.
Müxtəlif millətlərin nümayəndələri konsert təşkil etmişlər. Həmvətənlərimiz Amaliya və Emiliya Həsənova bacıları Azərbaycan dilində “Yaşa, Azərbaycan!” mahnısını ifa etmişlər.
Tədbirin iştirakçıları əmin olduqlarını bildirmişlər ki, kitabxana mədəniyyətlərarası münasibətlərin möhkəmlənməsi sahəsində birgə tədbirlərin keçirilməsi üçün bir meydan olacaqdır. Ən başlıcası budur ki, gənc murmansklılar Rusiya Federasiyasının Kola torpağında hansı millətlərin nümayəndələrinin yaşayıb işlədiklərini bilsinlər.