Murmanskda Naxçıvan MR-in 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 24 may (AZƏRTAC). Qəhrəman Murmansk şəhərində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. “Ümumrusiya Azərbaycan Konqresinin” (ÜAK) Murmansk vilayət bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) təşkilatının mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, yubiley tədbirində həmvətənlərimiz, tələbələr, şəhərin milli diasporlarının nümayəndələri və başqaları iştirak etmişlər.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası haqqında videoçarx nümayiş etdirilmişdir.
Tədbiri giriş sözü ilə açan Murmansk Vilayət İctimai Palatasının üzvü, “Ümumrusiya Azərbaycan Konqresinin” (ÜAK) Murmansk regional bölməsinin sədri Afil Hüseynov Azərbaycan müstəqilliyinin tarixindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, blokadada olan Naxçıvanın iqtisadi inkişafından, mədəniyyət abidələrindən, nailiyyətlərindən danışmışdır.
Qeyd edilmişdir ki, tarix boyu bir sıra dövlətlərin paytaxtı olmuş Naxçıvan şəhəri müxtəlif tarixi dövrlərə aid qədim, arxeoloji və arxitektura abidələri ilə zəngindir.
Çıxış edənlər demişlər ki, Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi həyatında əvəzolunmaz rol oynayan Naxçıvan bir çox görkəmli alimlərin, incəsənət ustalarının, tarixi şəxsiyyətlərin vətənidir.
Qeyd edilmişdir ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıtması ilə ölkədə siyasi, iqtisadi və sosial islahatlar həyata keçirilmiş, iqtisadiyyatda böyük müvəffəqiyyətlər əldə olunmuşdur.