Murmanskda Sumqayıt hadisələrinin ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir
Bakı, 5 mart (AZƏRTAC). Murmanskda Sumqayıt hadisələrinin 26-cı ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir. Ümumrusiya Azərbaycan konqresinin (ÜAK) Murmansk vilayət şöbəsi və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli şöbəsi tərəfindən təşkil olunmuş tədbirdə həmvətənlərimiz, tələbələr, sahibkarlar, gənclərin, ictimai təşkilatların, müxtəlif milli diasporların nümayəndələri iştirak etmişlər.
ÜAK-ın Murmansk şöbəsinin mətbuat xidmətinin rəhbəri Əlihüseyn Şükürovun AZƏRTAC-a verdiyi məlumata görə, şöbənin sədri, Murmansk vilayəti İctimai Palatasının üzvü Afil Hüseynov demişdir ki, 1988-ci il fevralın 28-dən 29-na keçən gecə erməni ekstremistləri öz xarici havadarlarının dəstəyi ilə gəncləri kütləvi iğtişaşlara təhrik edərək Sumqayıtda qırğın törətmişlər. Dağlıq Qarabağ problemi zəminində erməni fitnəkarları tərəfindən təşkil olunmuş qanlı aksiya münaqişənin genişlənməsinə səbəb oldu. Milli zəmində törədilmiş bu hadisələr bütün dünyada əks-səda doğurdu. Tarixi faktlara əsaslanaraq inamla demək olar ki, Sumqayıt hadisələri qabaqcadan planlaşdırılmış aksiya idi.
Törədilmiş fitnəkarlıqların və təxribatların təşkilatçıları və təşəbbüskarları məhz ermənilər, onların xaricdəi havadarları və SSRİ rəhbərləri olmuşlar. İndi bu, sağlam düşüncəsi olan heç kimdə şübhə doğurmur.
Ermənilər həmişə türklərə və azərbaycanlılara qarşı belə hərəkətlər etmişlər. 1905-1906, 1914-1915, 1918-1920, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə ermənilər tərəfindən törədilmiş təxribatlar qabaqcadan planlaşdırılmış, sonradan azərbaycanlıların və türklərin qırılması, torpaqlarımızın ələ keçirilməsi ilə nəticələnmişdir. Sumqayıt hadisələri də eyni ssenarisi üzrə Eduard Qriqoryan kimi alçaqların və onun tərəfdarlarının əli ilə həyata keçirilmişdir.
Müzakirələr zamanı həmvətənlərimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri söyləmişlər. “Dəyirmi masa”nın iştirakçıları yekdilliklə belə bir fikirdə olduqlarını bildirmişlər ki, Sumqayıt şəhərində törədilmiş hadisələr qabaqcadan hazırlanmış və xarici qüvvələr tərəfindən törədilmişdir. Bu gün Azərbaycan Respublikası sürətlə inkişaf edir, bu tolerant ölkədə müxtəlif millətlərə və dinlərə mənsub olan insanlar, o cümlədən ermənilər yaşayırlar.