Neft-Kimya Prosesləri İnstitutunda “Heydər Əliyev İli”nə həsr olunan müsabiqə
Bakı, 13 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) Elmi şurasının növbəti iclası keçirilib.
NKPİ-dən AZƏRTAC-a bildirilib ki, baş direktor akademik Vaqif Abbasov Elmi şuranın iclasının keçirilməsində məqsədin “Heydər Əliyev İli” çərçivəsində tədbirlər planına uyğun olaraq institutun 40 yaşa qədər doktorant və dissertantları arasında elan olunmuş müsabiqənin qaliblərinin seçilməsi olduğunu söyləyib. O bildirib ki, layihələrin qəbulu aprelin 10-dək aparılıb və doktorant və dissertantlar tərəfindən müsabiqəyə ümumilikdə 11 layihə təqdim edilib. Müsabiqənin əsas məqsədlərindən biri istedadlı gəncləri üzə çıxararaq həvəsləndirmək, onlara elmi araşdırma və təhlil aparmaq bacarıqlarını nümayiş etdirmək imkanı yaratmaqdır. Qaliblərin seçilməsində şəffaflığı təmin etmək məqsədilə layihə təqdimatçılarının iştirakı və razılığı ilə institutun Elmi şurasının üzvlərindən 7 nəfər seçilərək müsabiqə komissiyasının tərkibi təsdiq olunub.
Sonra müsabiqədə institutun gənc alimləri tərəfindən irəli sürülən layihələrin təqdimatı keçirilib. Komissiya üzvlərinin qərarına əsasən Korroziya inhibitorları və konservasiya materialları laboratoriyasının əməkdaşı Gülay Rüstəmli birinci, Sintetik yağlar laboratoriyasının əməkdaşı Kəmalə İsrafilova ikinci, Tsikloalkilfenolların kimyası və texnologiyası laboratoriyasının əməkdaşı Günay Heydərli və Alitsiklik birləşmələr laboratoriyasının əməkdaşı Fəridə Hüseynova isə üçüncü yerə layiq görülüblər.
Komissiya üzvlərinin qərarına əsasən, qaliblərə və müsabiqənin bütün iştirakçılarına pul mükafatının verilməsi nəzərdə tutulub. Həmçinin layihə iştirakçılarının elmi rəhbərlərinə də pul mükafatının verilməsi qərara alınıb.
Sonda Vaqif Abbasov layihələr haqqında öz fikirlərini bölüşərək uğur qazanan iştirakçıları təbrik edib, onlara gələcək elmi fəaliyyətində uğurlar arzulayıb. O, gələcəkdə də bu cür müsabiqələrin keçiriləcəyini və gənclərin elmin inkişafında iştirakına daha çox şərait yaradılacağını bildirib.