Niderlandın Azərbaycan və Türkiyə diasporlarının nümayəndələri Haaqada Xocalıya həsr olunmuş tədbir keçirəcəklər
Bakı, 13 fevral (AZƏRTAC). Niderlandda fəaliyyət göstərən Azərbaycan və Türkiyə diaspor təşkilatları - “Azərbaycanın holland dostları”, “Ana Vətən” Azərbaycanlı Qadınlar Birliyi, “Hollandiya-Azərbaycan-Türkiyə” Mədəniyyət Mərkəzi, Şimali Azərbaycanlılarının İstiqlal Partiyası və Niderlandın Azərbaycanlı Gənclər Cəmiyyəti fevralın 24-də Xocalı soyqırımı gününü qeyd edəcəklər.
“Ana Vətən” Azərbaycanlı Qadınlar Birliyinin sədri Maisə Gündoğdu bildirmişdir ki, tədbir Haaqada, Xocalı faciəsi qurbanlarının abidəsi qarşısında keçiriləcəkdir.
Tədbirdə Niderlandın dövlət və hökumət nümayəndələrinin iştirakı gözlənilir.
Fevralın 26-da saat 13-də Haaqada yürüş keçiriləcəkdir. Beynəlxalq Ədalət Məhkəməsinin yerləşdiyi Sülh Sarayının qarşısından başlayacaq yürüş Ermənistan səfirliyinədək davam edəcəkdir.
Tədbirin əvvəlində şəhər sakinlərinə Xocalı faciəsi haqqında kitabçalar paylanacaqdır.