Nikolay Beketov: Qoy onlar unutmasınlar ki, bəşəriyyət əleyhinə törətdikləri cinayətin müddəti yoxdur
Moskva, 28 fevral (AZƏRTAC). Rusiyanın “evroazıyafm.ru” saytında M.K.Ammosov adına Şimal-Şərq Federal Universitetinin professoru Nikolay Beketovun “Xocalı faciəsinin əsas məsələləri” sərlövhəli məqaləsi dərc olunmuşdur (http://evraziafm.ru/theme/1686-glavnye-voprosy-tragedii-v-hodzhaly.html).
Məqalədə rəqəm və faktlar əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixinin ən qanlı səhifəsi olan Xocalı faciəsindən söz açılır. Müəllif jurnalistlər Yuri Romanov, Tomas Holts, “İzvestiya” qəzetinin müxbiri V.Belıx, Tomas de Vaal, ABŞ-ın Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun baş direktoru Svande Kornellin müxtəlif illərdə dərc olunmuş, Xocalı qırğınının dəhşətli nəticələrini təsvir edən məqalələrindən sitatlar gətirmişdir.
Məqalədə Xocalı sakinlərinə divan tutulmasında keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının rolundan da danışır. Müəllif “Nə üçün hücumun təşkilatçıları indiyədək azadlıqdadır?” sualına belə cavab verir: “Təəssüf ki, bu sualın cavabı yetərincə sadədir: həmin faciəli hadisələrin ən əhəmiyyətli iştirakçıları Ermənistanın siyasi və hərbi elitasına mənsubdurlar. Üstəlik, məhz Xocalıya hücum onların bir çoxunun yüksəlişinə təkan vermişdir. Məsələn, Ermənistanın indiki prezidenti Serj Sarkisyan və bu vəzifədə onun sələfi Robert Koçaryan qondarma Qarabağ özünümüdafiə qüvvələrinin komandirləri olmuşlar. Şəhərə hücum əmrini şəxsən onlar vermişlər”.
Nikolay Beketovun fikrincə, dinc Xocalı sakinlərinə divan tutan bütün günahkarların adları bəllidir. Onların hamısı hərbi cinayətkardır. Müəllif yazır: “Qoy onlar unutmasınlar ki, bəşəriyyət əleyhinə törətdikləri cinayətin müddəti yoxdur”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva