Novosibirskdə Azərbaycan diasporu ilə görüş olmuşdur
Moskva, 11 aprel (AZƏRTAC). Novosibirskdə Vilayət Qanunverici Məclisinin sədri İvan Moroz və regional parlamentin deputatları ilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin müavini Qüdsi Osmanov, Azərbaycanın RF-dəki səfirliyinin müşaviri Aqşin Əliyev və Ümumrusiya Azərbaycanlılar Konqresinin Moskva vilayəti üzrə nümayəndəliyinin icraçı direktoru Araz Mürsəliyev arasında görüş olmuşdur.
Görüş iştirakçıları qeyd etmişlər ki, Novosibirsk vilayəti və Azərbaycan onilliklər boyu iqtisadi və humanitar sahələrdə əməkdaşlıq edir.
Novosibirsk Vilayət Qanunverici Məclisinin sədri İvan Moroz qeyd etmişdir ki, Azərbaycan diasporu vilayət ərazisində ən sanballı və fəal milli nümayəndəliklərdən biridir. Bu diasporun üzvləri arasında görkəmli biznesmenlər, mədəniyyət xadimləri və başqa sahələrin təmsilçiləri vardır. İvan Moroz vurğulamışdır: “Gənclər Novosibirsk ali məktəblərində təhsil alır, gərəkli, tələbat duyulan peşələrə yiyələnirlər. İnteqrasiya proseslərinin dərinləşməsinin mühüm elementi olan regionlararası əməkdaşlıq son illərdə intensiv inkişaf edir. Bu əlaqələrin çox böyük potensialı vardır. Əminəm ki, perspektivdə Rusiyanın respublikaları, diyarları və vilayətləri ilə Azərbaycan Respublikasının qarşılıqlı faydalı əməkdaşlığı daha da inkişaf edəcəkdir”.
Regional parlamentin spikeri parlamentlərarası əlaqələrin perspektivinə əmin olduğunu bildirmişdir. Onun sözlərinə görə, mühüm iqtisadi və sosial layihələrin qanunvericilik təminatı sahəsində təcrübə mübadiləsi həm Azərbaycan üçün, həm də Novosibirsk vilayəti üçün çox faydalı olacaqdır. Qanunvericilər həm sibirli, həm də azərbaycanlı sahibkarların biznes fəaliyyəti üçün şəffaf hüquqi baza yaradılmasına səmərəli təsir göstərə bilərlər.
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin müavini Qüdsi Osmanov da qarşılıqlı əməkdaşlığın perspektivli olmasını vurğulamışdır. O qeyd etmişdir ki, bu gün Rusiyanın bir sıra regionları Azərbaycanla yüksək səviyyədə əməkdaşlıq edir, ticari-iqtisadi, mədəni-humanitar, elmi-texniki sahələrdə əməkdaşlığa dair sazişlər imzalayırlar. Rusiyanın elmi və sənaye mərkəzi olan Novosibirsk vilayəti ilə əməkdaşlığın inkişaf etdirilməsi potensialı çox yüksəkdir. Qüdsi Osmanov demişdir: “Əminəm ki, perspektivdə Novosibirsk vilayəti ilə Azərbaycanın əməkdaşlığı hərtərəfli inkişaf edəcəkdir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva