SİYASƏT
“Novruz futbolu” millətlərarası mini futbol turniri keçirilmişdir
Moskva, 27 mart (AZƏRTAC). Rusiya paytaxtının “Lujniki” Olimpiya İdman Kompleksində “Xalqlar dostluğu, futbol qardaşlığı!” devizi ilə “Novruz futbolu” millətlərarası mini futbol turniri keçirilmişdir.
Turnir Moskva meriyasının Regionlararası əməkdaşlıq, milli siyasət və dini qurumlarla əlaqələr departamenti tərəfindən “Novruz-2013” ümumşəhər bayramı çərçivəsində təşkil edilmişdir.
İdman bayramında Moskva şəhərinin milli ictimai və həmvətənlər birliklərini təmsil edən futbol komandaları - “Azərbaycan” komandası, Buryatiyanın “Baykal” klubu, Qazaxıstan diasporunun “Murager” komandası, Kalmıkiyanın “Uralan” komandası, Qaraçay-Balkar icmasının “Berkut” komandası, Qırğızıstan diasporunun “Qırğız birimdiqi” komandası, Koreya diasporunun “Koryo” komandası, “Krım tatarları” klubu, “Serbiya səfirliyi” komandası, “Sloveniya” komandası, Tacikistanın “Pamir” komandası, “SamElla-Talış” komandası, Ukrayna diasporunun “Ukrayna” komandası, “Çernoqoriya” komandası, Saxa Respublikasının (Yakutiya) “Modun” komandası və s. iştirak etmişlər.
Əvvəlcə turnirin açılış mərasimi olmuşdur. Moskva hökuməti nümayəndələrinin çıxış etdikləri mərasimdə Ümumrusiya Azərbaycan Konqresinin rəhbərliyinin nümayəndələri iştirak etmişlər.
Futbol turnirinin yekunlarına əsasən, komandaların mükafatlandırılması mərasimi olmuşdur. Turnirin ən yaxşı hücumçusu “Azərbaycan” komandasının kapitanı Şəmsi Məmmədov sayılmışdır. Turnirin bürünc mükafatçısı kuboku da “Azərbaycan” komandasının kapitanına təqdim edilmişdir.
Oyunlar şaxtalı hava şəraitində keçirilmişdir. Lakin çətinliklərə baxmayaraq, “Azərbaycan” komandası layiqincə çıxış etmiş, Novruz bayramına həsr olunmuş futbol turnirində üçüncü yeri tutmuşdur.
Fəridə Abdullayeva
AZƏRTAC–ın xüsusi müxbiri
Moskva