Ölkəmiz Milanda keçirilən beynəlxalq turizm sərgisində təmsil olunur
Bakı, 11 fevral, AZƏRTAC
İtaliyanın Milan şəhərində keçirilən “BİT 2016” beynəlxalq turizm sərgisində ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi, yerli turizm şirkətləri və mehmanxanalar təmsil edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, fevralın 13-dək davam edəcək sərgidə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 32 kvadratmetr sahə icarəyə götürülüb, sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanmaq üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları hazırlanıb.Bu il adıçəkilən sərgidə 52 ölkədən 600-ə yaxın şirkət təmsil olunur.
Mədəniyyət və Turizm Nazirliyi dördüncü dəfədir ki, “BİT” beynəlxalq turizm sərgisində iştirak edir.
Məlumat üçün bildirək ki, ötən il İtaliyadan ölkəmizə 10 mindən çox turist səfər edib.