Özbəkistan portalı Azərbaycanın turizm potensialından yazır
Daşkənd, 12 aprel, АZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddəki kun.uz portalında ölkəmizin turizm potensialının inkişafına dair yol xəritəsindən və bu sahənin inkişafından bəhs edən məqalə yerləşdirilib.
Yazıda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il dekabrın 6-da təsdiq etdiyi “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” bu istiqamətdə mühüm sənəddir. Sənəddə göstərilir ki, 2025-ci ilə qədər Azərbaycan regionun ən cəlbedici turizm mərkəzlərindən birinə çevrilməlidir. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirməkdir.
Məqalədə ölkəmizin paytaxtında və regionlarda yaradılan turizm infrastrukturu barədə, bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərlə bağlı da ətraflı məlumat verilir. Bildirilir ki, Azərbaycanda müasir otellərin tikintisinə də böyük diqqət yetirilir. Belə ki, turistləri cəlb edən amillərdən biri də məhz otellərin rahatlığıdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd