Özbəkistan Prezidentinin Azərbaycana və Qarabağa səfəri Türk Dövlətləri Təşkilatına böyük töhfə verəcək
Bakı, 24 avqust, AZƏRTAC
Azərbaycan və Özbəkistan dil, din və mədəniyyət baxımından daha yaxın olan qardaş dövlətlərdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərindən sonra məhz ilk səfər etdiyi ölkə Azərbaycan oldu. Eyni ənənəni Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də həyata keçirdi və prezident seçkilərindən sonra Azərbaycana səfər etdi. Özbəkistan Prezidentinin Azərbaycana və Qarabağa dövlət səfəri zamanı Qarabağ iqtisadi zonasının Türk Dövlətləri Təşkilatına böyük töhfə verəcəyi, mühüm geosiyasi bölgə olduğu dünyanın diqqətinə çatdırıldı. Prezident İlham Əliyev Mərkəzi Asiya respublikalarına səfərlərində qeyd etdiyi kimi, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı üçün strateji yol xəritəsi əvvəlcədən elan olunub. Bununla bağlı həmin imzalanma mərasiminin məhz Bakıda keçirilməsi əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bunu Həmvətənlərə Dəstək İctimai Birliyinin təsisçisi, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn söyləyib.
O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi Mərkəzi Asiya ölkələri ilə Türk dövlətləri arasında bağlanan ən mühüm strateji xətt hesab edilir. Həmçinin Ali Dövlətlərarası Şuranın yaradılması haqqında Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında imzalanan müqavilə iki ölkə arasında imzalanan ən mühüm sənəddir. Bu sazişdən əvvəl müxtəlif istiqamətlərdə sazişlər imzalandı. Bu istiqamətlər iqtisadiyyat, o cümlədən rəqəmsal və nəqliyyat infrastrukturu sahələrini əhatə edir.
Onun sözlərinə görə, Azərbaycanda mədəniyyət sahəsində uzun müddət görülən işlər məlumdur. Azərbaycan ilə Özbəkistanın mədəniyyəti, folklor, musiqi sənəti, şeir dünyası həddindən artıq yaxındır. Eyni zamanda, Azərbaycan tərəfindən qardaş ölkənin energetikasının inkişafına töhfə verilməsi üçün işlər aparılıb. Türk Dövlətləri Təşkilatında mühüm rol oynayan Özbəkistan ilə Azərbaycan arasında gənclər siyasəti önəmli yer tutur. Bundan sonra Özbəkistanın və Azərbaycanın ordusu, mədəniyyəti, təhsili, folkloru və gənclər siyasəti birgə inkişaf edəcək. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının təməl prinsipini özündə əks etdirəcək.
“Özbəkistan şərqdən Qırğızıstan və Pakistanla sərhəddir ki, bu iki Türk dövlətinin də Çinə birbaşa çıxışı var. Orta Dəhliz istiqamətində fəaliyyətin əsas istiqamətlərini prezidentlər bu sənədlərin imzalanması ilə demək olar ki, təmin etdilər. Bu təminat həmin dəhlizin gələcək təhlükəsizliyinin qorunmasında, qloballaşan dünyada nəqliyyat infrastrukturuna olan təhdidlərin qarşısının alınmasında Özbəkistan və Azərbaycanın birgə fəaliyyətini şərtləndirəcək”, - deyə Elmar Hüseyn vurğulayıb.