Özbəkistan Prezidentinin Qarabağa səfəri Azərbaycanın apardığı uğurlu siyasətin nəticəsidir
Füzulidə tikilən məktəb Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir
Bakı, 24 avqust, AZƏRTAC
Dövlətimizin başçısı İlham Əliyevin bütün sahələrdə apardığı uğurlu siyasət bəhrəsini verməkdədir. Hazırda isə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri yüksələn xətt üzrə inkişafdadır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ilk dövlət səfərində Azərbaycana gəlməsi buna nümunədir.
Bu barədə “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının sədri Emin Həsənli AZƏRTAC-a açıqlamasında deyib. O qeyd edib ki, Özbəkistan hər zaman Azərbaycanın bölgədə həyata keçirdiyi sülh siyasətini dəstəkləyib və ölkəmizin haqlı mövqeyini müdafiə edib. Ümumiyyətlə, Özbəkistan Prezidentinin Azərbaycana səfəri və bu çərçivədə qəbul edilən qərarlar tarixi hadisədir. Azərbaycan-Özbəkistan əlaqələri, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, aparılan danışıqlar ikitərəfli əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Xüsusilə dövlətimizin başçısı İlham Əliyevin Özbəkistana etdiyi səfər iki dövlət arasında münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi istiqamətində olduqca uğurlu addım oldu.
O vurğulayıb ki, eyni zamanda, Özbəkistan Prezidentinin Türkiyədən sonra Qarabağa səfər edən ikinci türk dövlətinin rəhbəri olması bütün dünya üçün açıq mesaj idi. Səfər çərçivəsində müxtəlif sahələr üzrə ümumilikdə imzalanan 20 sənəd əlaqələrin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Bu sənədlər arasında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin imzaladıqları “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə” xüsusi qeyd edilməlidir.
İctimai Birliyin sədri söyləyib ki, Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Füzulidə tikilən və səfər çərçivəsində açılışı olan məktəbi Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsi kimi dəyərləndirmək olar. Bu, qardaşlığın, həmrəyliyin, dəstəyin bir başqa nümunəsidir. Hər iki dövlət arasında iqtisadiyyat, ticarət, turizm, elm və mədəniyyət əlaqələrinin genişləndirilməsi həmin sahələrin inkişafı imkanlarının müzakirə olunması və əlaqələrin ən yüksək səviyyəyə qaldırılması sevindirici haldır. İmzalanan sənədlər həmin istiqamətdə xeyli işlər nəzərdə tutulduğunu göstərir.
“Görüşlərdə 1918-ci ildə ermənilərin Fərqanədə törətdiyi cinayətlər, eyni zamanda, azərbaycanlılara qarşı edilən soyqırımları müzakirə olundu. Bu isə tarixin öyrənilməsi və ona dəstək verilməsi baxımından çox önəmli addım idi. Özbəkistan və Azərbaycanın Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda əməkdaşlığı davam edir.
Azərbaycan region dövlətləri, xüsusən türkdilli dövlətlərlə münasibətlərə xüsusi önəm verir. Bu Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biridir. Özbəkistan Prezidentinin Qarabağa səfəri isə Azərbaycanın apardığı uğurlu siyasətin nəticəsidir”, - deyə E.Həsənli diqqətə çatdırıb.