Polşa-Azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadə olunmalıdır
Bakı, 15 dekabr, Nihat Budaqov, AZƏRTAC
Biznes forumlar, işgüzar görüşlər və sahibkarların iştirakı ilə keçirilən digər tədbirlər Azərbaycan ilə Polşa arasındakı iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri energetika naziri, Azərbaycan-Polşa hökumətlərarası komissiyasının həmsədri Natiq Əliyev dekabrın 15-də Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa hökumətlərarası komissiyasının altıncı iclasında deyib.
N.Əliyev bildirib ki, komissiyanın bugünkü iclası da iş adamları arasında əlaqələrin inkişafına müsbət töhfə verəcək. Nazir ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini, hər iki ölkənin əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini diqqətə çatdırıb, əlaqələrin hörmət və dostluq, qarşılıqlı maraq prinsiplərinə əsaslandığını vurğulayıb. Azərbaycan ilə Polşa arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğu diqqətə çatdırılıb.
Komissiyanın həmsədri Azərbaycanda həyata keçirilən iqtisadi layihələr və enerji sektorunda aparılan islahatlar barədə geniş məlumat verərək, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolundan və ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin inkişaf perspektivlərindən söhbət açıb. Nazir qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi layihələr təkcə regional deyil, həm də beynəlxalq əhəmiyyətə malikdir, Azərbaycanın iri neft-qaz ölkəsi qismində mövqeyinin möhkəmlənməsi bunun təsdiqidir.
Polşa Baş nazirinin müavini, iqtisadiyyat naziri, komissiyanın həmsədri Yanuş Pexoçinski Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Polşa və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin vacibliyini vurğulayıb. Y.Pexoçinski iş adamları arasında əlaqələrin genişləndirilməsinin Polşa-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini və iqtisadi əlaqələrin inkişaf istiqamətlərini qeyd edib. Nazir bəyan edib ki, Polşa Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində Azərbaycanın səylərini dəstəkləyəcək.
İclasın sonunda ölkələr arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın altıncı iclasının Protokolu imzalanıb. Sənəddə ticarət, investisiya və iqtisadi əməkdaşlıq, energetika, kənd təsərrüfatı, nəqliyyat, maliyyə-bank, mədəniyyət, turizm və digər məsələlər öz əksini tapıb. Sənədi hökumətlərarası komissiyanın həmsədrləri Natiq Əliyev və Yanuş Pexoçinski imzalayıblar.