Qanunsuz yolla əldə edilmiş fıstıq ağacından ibarət meşə materialı tutulub
Bakı, 28 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ölkə ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, gizli və oğurluq yollarla daşınması hallarının qarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları mütəmadi reydlər keçirirlər. Həmin reydlər zamanı avtomobillərin yük yerində üzəri qum, çınqıl, peyin və samanla örtülən qanunsuz yolla əldə edilmiş meşə materialları aşkar edilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, gizli yollar, oğurluq və hiyləgərlik yolu ilə aparılan meşə materiallarının qarşısını almaq üçün respublika ərazisinin müəyyən istiqamətlərində postlar qurulub.
Astara rayonunun Ağkörpü kəndinin ərazisində qurulan postda növbəti əməlin qarşısı alınıb. Fevralın 27-si saat 23.30-da Hirkan Milli Parkının əməkdaşları Şüvi kənd sakini Şamil Mahmudova məxsus “UAZ” markalı 07-BC-157 dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb. Avtomobilin yük yerinə keçirilən baxış zamanı gizlətmək məqsədilə üzəri peyinlə örtülən və qanunsuz yolla əldə edilmiş 2,5 kubmetr həcmində 372,67 manat dəyərində fıstıq ağacından olan meşə materialı aşkar edilib.
Faktla bağlı məsələnin araşdırılması və hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Astara Rayon Prokurorluğuna göndərilib.