SİYASƏT
Qırğızıstandakı Azərbaycan diaspor təşkilatlarının toplantısı keçirilmişdir
Bakı, 6 yanvar (AZƏRTAC). Yanvarın 5-də Bişkekdə Qırğızıstandakı Azərbaycan diaspor təşkilatlarının - “Xəzər” İctimai Birliyi, Qırğızıstan Azərbaycanlıları Konqresi, Qırğızıstan Azərbaycanlılarını Əlaqələndirmə Mərkəzi, Regional Milli Etnik Diaspor Əməkdaşlığı Şurası və “Qırğızıstan-Azərbaycan Gəncləri” İctimai Birliyinin rəhbərlərinin toplantısı keçirilmişdir.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Nüsrət Məmmədov AZƏRTAC-a bildirmişdir ki, tədbirdə Qırğızıstandakı Azərbaycan diaspor təşkilatlarının inkişafı, soydaşlarımızın bu ölkənin ictimai həyatında daha fəal iştirakı və s. məsələlər müzakirə olunmuşdur.
Toplantıda çıxış edənlər soydaşlarımızın Qırğızıstan cəmiyyətinə inteqrasiyasının, yaşadıqları bölgənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında daha fəal rol oynamalarının vacibliyini vurğulamışlar. Qeyd olunmuşdur ki, soydaşlarımız Qırğızıstan ilə Azərbaycan arasında əlaqələrinin genişlənməsinə, Azərbaycan reallıqlarının Qırğızıstan ictimaiyyətinə çatdırılmasına, zəngin və çoxşaxəli mədəni irsimizin təbliğinə üstünlük verməlidirlər. Bişkekdə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının vacibliyinin vurğulayan natiqlər belə bir təşkilatın Azərbaycan diaspor təşkilatlarının imkanlarını xeyli artıracağını bildirmişlər. Qırğızıstandakı diaspor təşkilatlarımızın Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Qırğızıstandakı səfirliyi ilə əməkdaşlığının genişləndiriləsi də diqqət mərkəzində olmuşdur.