“Qoşulmama Hərəkatı Gənclər Həftəsi” nəsillərarası dialoq üçün mühüm platformadır VİDEO
Bakı, 5 fevral, AZƏRTAC
“Qoşulmama Hərəkatı Gənclər Həftəsi” açıq, səmimi və nəsillərarası dialoq üçün mühüm platformadır.
AZƏRTAC xəbər verir ki, bu barədə Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri, COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova “II Qoşulmama Hərəkatı Gənclər Həftəsi”nin açılışında deyib.
O bildirib ki, Azərbaycanda Gənclər Günü 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilib və bu qərar dövlətin gənclərə verdiyi yüksək dəyərin bariz nümunəsidir.
Leyla Həsənova qeyd edib ki, həftə çərçivəsində diplomatiyanın qeyri-müəyyənlik şəraitində inkişafı, davamlılıq və enerji keçidi, şəhərsalma, eləcə də gənclərin beynəlxalq və siyasətyönümlü sahələrdə karyera qurması üçün zəruri bacarıqlar müzakirə olunacaq.
“Bu müzakirələr qlobal çağırışlarla yanaşı, Qoşulmama Hərəkatının əsas dəyərlərini – əməkdaşlıq, dialoq və qarşılıqlı hörməti əks etdirir”, – deyə o vurğulayıb.
Çıxışında gənclərin cəmiyyətdəki roluna toxunan təşkilat sədri bildirib ki, gənclər yalnız gələcəyin liderləri deyil, bugünün də fəal iştirakçılarıdır. O, “töhfə verən gənclər” anlayışına xüsusi diqqət çəkərək Prezident İlham Əliyevin gənclərə müraciətində onların ölkənin inkişafında aparıcı qüvvə kimi qiymətləndirildiyini xatırladıb.
Leyla Həsənova qeyd edib ki, töhfə vermək məsuliyyət, peşəkarlıq, cəmiyyətə qayğı deməkdir və bu töhfələrin tanınması gənclərin daha fəal iştirakını təşviq edir.