RAFİQ QAFAROVUN “YAKUTİYALI AZƏRBAYCANLI” KİTABI MOSKVADA ÇAPDAN ÇIXMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moskvada “Yakutiyalı azərbaycanlı” (“Yakutskiy azerbaydjanets”) adlı kitab çapdan çıxmışdır. Kitabın müəllifi həmyerlimiz, neftçi, hüquq elmləri nazmizədi Rafiq Qafarov otuz ildən çox Yakutiyada yaşamış, Sibirin yeni neft yataqlarının mənimsənilməsi sahəsində uğurlar qazanmışdır. O, əfsanəvi Fərman Salmanovla birlikdə işləmiş, neft-qaz sahəsində möhtəşəm kəşflərin bilavasitə iştirakçısı olmuşdur. R.Qafarov qazma ustası olduğu dövrdə respublika Ali Sovetinin deputatı seçilmişdi. Karyerasının başlanğıcında fəal komsomolçu olmuş, məşhur Baykal-Amur Magistralının (BAM) tikintisində iştirak etmişdir.
Hadisələrlə zəngin həyatını kiçik hekayələr şəklində şərh edən müəllif onları bir yerə toplayaraq “Yakutiyalı azərbaycanlı” kitabını tərtib etmişdir. R.Qafarov həyatının Yakutiya ilə bağlı dövründə baş vermiş taleyüklü hadisələrdən söhbət açır. “Heydər Əliyevlə beş görüş” bölməsində müəllif Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşlərindən aldığı unudulmaz təəssüratları oxucularla bölüşür. Kitabda toplanmış səmimi, oxunaqlı hekayələr müəllifin sovet dövrünə aid bir sıra proseslərə şəxsi münasibətini əks etdirir. R.Qafarovu tanıyanlar onun həyatının çoxları üçün nümunə sayılmağa layiq olduğunu söyləyirlər. O, Rusiyada yaşayan azərbaycanlılar arasında peşəkar mütəxəssis və gözəl insan kimi böyük hörmət və nüfuz qazanmışdır.
“Yakutiyalı azərbaycanlı” kitabının təqdimat mərasimi Moskvadakı Millətlər Evində Azərbaycan diasporu nümayəndələrinin iştirakı ilə, eləcə də Saxa (Yakutiya) Respublikasının Moskvadakı daimi nümayəndəliyində Rusiya ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilmişdir. Sibirlilər Rafiq Qafarovun fəaliyyətini və onun bu diyarın sosial-iqtisadi inkişafına töhfəsini yüksək qiymətləndirmişlər.
Rafiq Qafarov Ələt (Qobustan) qəsəbəsində anadan olmuşdur. Azərbaycan Neft-Kimya İnstitutunu (indiki Neft Akademiyasını) bitirdikdən sonra 30 ildən artıq Yakutiyada işləmiş, müxtəlif dövrlərdə qazmaçı köməkçisi, qazmaçı, qazma ustası, mühəndis-texnoloq, Srednelensk neft-qaz kəşfiyyat ekspediyasının baş texnoloqu, ekspedisiya rəisi, “Yakutburnefteqaz” Dövlət Müəssisəsinin baş direktoru, “Lenanefteqaz” Dövlət Müəssisənin baş direktoru, “Lenanefteqaz” ASC-nin baş mühəndisi vəzifələrində çalışmışdır. 2001-ci ildə Lensk şəhərində baş vermiş güclü daşqından sonra bərpa işlərinə rəhbərlik etmişdir. RF Prezidenti yanında Dövlət Xidməti Akademiyasını da bitirmiş R.Qafarov Azərbaycan diasporunun fəal üzvü və ictimai xadimdir, Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü seçilmişdir.
######
