Reinteqrasiyanın alternativi yoxdur və bu proses tezliklə öz məntiqi sonluğuna çatacaq - RƏY
Bakı, 24 avqust, AZƏRTAC
Bu günlərdə Qarabağda yaşayan bir qrup erməni sakini könüllü və öz iradələri çərçivəsində sərbəst hərəkət etmək (freedom of movement) hüququndan istifadə etməyə başlayıblar. Azərbaycan sərhədçiləri onların “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsindən təhlükəsiz, maneəsiz və sivil qaydada keçmələrini təmin edib. Biz Qarabağ ermənilərinin məsuliyyətli vətəndaş kimi Azərbaycanın qanunları ilə yaşamaq və yaxud başqa məskunlaşma yeri seçmək kimi alternativlərdən faydalanmaq hüququna hörmətlə yanaşırıq. Çünki dünyada hər bir şəxsin yaşamaq üçün yer seçməyi universal hüququdur. Bu hüquqa beynəlxalq və milli qanunvericilikdə tam təminat verilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azay Quliyev söyləyib.
Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasının azadlıq hüququ adlı 28-ci maddəsinin III yarımbəndində deyilir: "Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər".
Bu gün bir qrup erməni sakininin bu hüquqdan istifadə etməsi ona açıq işarədir ki, rəsmi İrəvanın BMT Təhlükəsizlik Şurasında üzləşdiyi fiaskonu görən Qarabağ erməniləri Ermənistanın və onun Xankəndidə yaratdığı oyuncaq xunta rejiminin girovluğunda bundan sonra qalmaq və onların oynadıqları ucuz oyunun alətinə çevrilmək istəmirlər. Bu reallığı nəhayət dərk etmək Qarabağ erməniləri üçün irəliyə doğru atılmış müsbət addımdır.
“Digər bir müsbət addım isə o olardı ki, sağlam düşüncəli Qarabağ erməniləri özlərində cəsarət tapıb bir araya gəlsinlər və Azərbaycanın qanunları çərçivəsində reinteqrasiya prosesində fəal iştirak etməyə hazır olduqlarını bəyan etsinlər. Belə bir sağlam yanaşma yalnız ermənilərin maraqlarına, onların vaxt itirmədən normal və qanuni şəkildə Azərbaycanda yaşamalarına xidmət etmiş olardı. Reinteqrasiyanın alternativi yoxdur və bu proses tezliklə öz məntiqi sonluğuna çatacaq”, - deyə deputat əlavə edib.