Respublikamızda yetişən ən zəhərli göbələk solğun əzvaydır
Bakı, 24 oktyabr, AZƏRTAC
Bir çoxları zəhərlənmədən çəkindiyi üçün göbələk yemir. Lakin bu bitkinin çox spesifik dadı olduğu kimi bəzi faydaları da var. Buna baxmayaraq təbiətdə zəhərli göbələklər də az deyil.
AZƏRTAC xəbər verir ki, bu haqda Azərbaycan Tibb Universitetinin (ATU) toksikoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev universitetin mətbuat xidmətinə məlumat verib.
Həkim deyib: “Çətin həzm olunan bu bitkini yeməli, şərti-yeməli, praktiki yeyilməyən və zəhərlilərə bölmək olar. Ümumiyyətlə bütün yeməli göbələklər çətin həzm olunan bitkilər siyahısına aiddirlər. Bu bitkilərin əsas tərkib hissəsini göbələk lifi və xitinəbənzər maddələr təşkil edir ki, bunlar da orqanizm tərəfindən çətin həzm olunur. Buna görə də, qida rasionunda yeməli göbələklərin üstünlük təşkil etməsi həzm traktının, qaraciyər funksiyasının ciddi pozulmalarına səbəb olur. Bu səbəbdən xüsusilə qastrit, pankreatit, xolesistit kimi mədə-bağırsaq traktının xroniki xəstəliklərindən əziyyət çəkənlərin göbələklərdən istifadə edərkən ehtiyatlı olmaları tövsiyə edilir. Şimalda və Şərqdə yaşayan bir çox millətlərdə olduğu kimi milli Azərbaycan mətbəxinə aid yeməklərin hazırlanmasında da göbələklərdən istifadə olunmur.
Respublikamızda yetişən ən zəhərli göbələk Amanita cinsinə məxsus solğun əzvaydır. Bu bitkinin kiçik bir hissəsinin yeyilməsi belə ölümə səbəb ola bilər. Solğun əzvayın toksinləri termostabildir və onlar göbələyin qaynadılması, qurudulması və qızardılması zamanı dağılmır. Dadı və iyinə görə qurudulmuş və ya bişirilmiş zəhərli göbələyi yeməli göbələkdən ayırd etmək olmur. Göbələkləri yığarkən, adətən, solğun əzvayı şampinyon göbələyi ilə səhv salırlar. Bu göbələyin tərkibində bir neçə qrup zəhərli maddələr var. Bunların ən zəhərlisi isə amanitinlərdir. Bu göbələyin toksinləri əsasən qaraciyərə təsir etməklə, qaraciyər və qan hüceyrələrini məhvinə səbəb olur. Nəticədə, qaraciyərin distrofiyası və nekrozu inkişaf edərək, ölümə səbəb olur. Bu göbələkdən zəhərlənərək öldürülən tarixi şəxsiyyətlər də az deyil.
Təəssüf ki, müasir təbabətdə solğun əzvay göbələyinin zəhərinə qarşı spesifik bir antidot yoxdur. Lakin bu, o demək deyil ki, adıgedən göbələkdən zəhərlənmələrin müalicəsi yoxdur. Göbələklərlə zəhərlənmələrin kompleks müalicəsində venadaxilinə dezintoksikasion məhlulların yeridilməsi, qanın dializ və hemosorbsiya üsulları ilə təmizlənməsi, qaraciyərin qorunması üçün xüsusi preparatların yeridilməsi, hiperbarik oksigenasiya və digər üsullardan istifadə olunur. Lakin tibb inkişaf edir. Alimlər göbələklərdən zəhərlənmə zamanı çox yaxşı tanınan penisillin müalicəvi effektini aşkar ediblər”.
Zəhərlənmənin ilkin simptomları haqqında məlumat verən həkim deyib: “Göbələyin qəbulundan 6-48 saat sonra zəhərlənmə özünü büruzə verir. Təəssüf ki, bu vaxta qədər artıq toksinlərin çoxu bağırsaqdan qana sovrulur və dağıdıcı funksiyası öz təsirini göstərməyə başlayır. Zəhərlənmə, ara verməyən qusma, qarın ağrısı, tez-tez duru ishalla başlayır. Bununla yanaşı qan təzyiqi enir, sarılıq yaranır, qaraciyər isə böyüyür. Onu da qeyd edim ki, uşaqlar göbələk zəhərinə qarşı daha həssasdırlar. İlkin yardım tədbirləri kimi mədə və bağırsaqları təmizləmək, zərərçəkmişə aktivləşdirilmiş kömür vermək və ən qısa zamanda toksikoloji mərkəzə çatdırmaq lazımdır.
Son illər ərzində toplanan statistik məlumatlara nəzər salsaq görərik ki, il ərzində göbələkdən zəhərlənmə hadisələrinin sayı 50-60-dan artıq olmur. Bu məlumatların ölümlə faizi isə ilan zəhərindən ölənlərlə demək olar ki, bərabərdir.
Qeyd etmək lazımdır ki, bir çox yeməli göbələklər müəyyən inkişaf dövrlərində özlərində müxtəlif zəhərli maddələr toplayırlar. Bundan əlavə, ekoloji cəhətdən əlverişsiz bölgələrdə yetişən göbələklər özlərində külli miqdarda toksiki ağır metallar, kanserogen maddələr, avtomobil yanacaqlarının natamam yanma məhsullarını toplayırlar. Buna görə də, yol kənarlarında satılan göbələkləri almaq tövsiyə edilmir. Avropanın bir çox ölkələrində təbii şəraitdə toplanan göbələklərin istifadəsinə qadağa qoyulub və yalnız süni şəkildə qapalı yerlərdə yetişdirilməsinə icazə verilir.
Sonda onu da qeyd edim ki, son vaxtlar hallüsinasiya verən göbələklər haqqında şayiələr də gəzir. Bu, doğrudur. Hallüsinasiya verən göbələklər mövcuddur və hətta onları “sehrli” də adlandırırlar. Bu göbələklər Psilociba sinfinə aiddirlər və LSD ilə eyni təsirə malikdirlər. Bu bitkinin vətəni Şimali Amerika sayılır və əsrlər boyu hindilər tərəfindən dini mərasimlər zamanı istifadə olunurdu. Sözügedən göbələkləri yedikdən 30-60 dəqiqə sonra insanın ətraf mühitdəki reallığı qavraması pozulur. Misal üçün insanda “səsi görmək”, “işığı eşitmək” kimi hallüsinasiyalar əmələ gəlməyə başlayır. Xoşbəxtlikdən, Azərbaycanda belə göbələklər bitmir, lakin Avropanın qərb ölkələrində və Rusiyada bu göbələklər satış məqsədilə süni şəraitdə yetişdirilir və internet vasitəsilə satışa buraxılır. Buna görə də, Azərbaycanda gənc nəsil bu təhlükəli maddələrin riski altında ola bilər”.