RUSİYADA YAŞAYAN AZƏRBAYCANLILARIN PROBLEMLƏRİ DİQQƏT MƏRKƏZİNDƏDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Şakir Səlimov demişdir ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan vətəndaşlarımızın rastlaşacağı problemlərin həlli məqsədi ilə Dövlət Komissiyası yaradılmışdır. Komissiyaya daxil olan təşkilatların - Prezidentin İcra Aparatının, Dövlət Komitəsinin və müvafiq nazirliklərin nümayəndələrindən ibarət işçi qrupu fəaliyyətə başlamışdır. Moskva şəhərində və Rusiyanın azərbaycanlılar yaşayan daha yeddi federal dairəsində qərargahlar yaradılmışdır. İstər Bakıdakı, istərsə də Rusiyadakı qərargahlara daxil olan müraciətlərə dərhal baxılır və soydaşlarımıza kömək göstərilir. İndiyədək mərkəzlərə müraciət etmiş 400-ə yaxın soydaşımızın problemi öz müsbət həllini tapmışdır.
Ş.Səlimovun bildirdiyinə görə, bu problemlərin həllində Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) xüsusi rol oynayır. ÜAK-ın prezidenti Məmməd Əliyev həm də Dövlət Komissiyasının üzvüdür. Konqresin Rusiyanın federal dairələrindəki mərkəzlərinin rəhbərləri isə ÜAK-ın vitse- prezidentləridir. Dövlət Komitəsi ilə ÜAK birgə fəaliyyət göstərərək, soydaşlarımızın problemlərinin operativ həllinə çalışır. Eyni zamanda, soydaşlarımızı maarifləndirmə işinə də xüsusi diqqət yetirilir. ÜAK-ın nəzdində hüquq müdafiə mərkəzi yaradılmışdır ki, burada da azərbaycanlılara hər cür hüquqi yardım göstərilir.
Dövlət Komitəsinin sədri Nazim İbrahimov bu yaxınlarda Moskvada, ÜAK-ın mərkəzi qərargahında dəyirmi masa keçirmiş, Rusiyanın Xarici İşlər Nazirliyinin, Miqrasiya Xidmətinin və digər dövlət və hökumət qurumlarının rəhbərləri ilə görüşmüşdür. Bu görüşlərdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, Rusiyadakı azərbaycanlıların, eləcə də Azərbaycandakı rusların problemləri və digər məsələlər müzakirə olunmuşdur.
Ş.Səlimovun sözlərinə görə, artıq Rusiya hökuməti miqrantlarla bağlı qərarına və müvafiq qanunlara bir sıra dəyişikliklər etmişdir. Bunun da soydaşlarımızın problemlərinin həllində müəyyən rolu olacaqdır. Yaxın vaxtlarda Rusiyada pasport qeydiyyatı və bazarların fəaliyyəti ilə bağlı qəbul ediləcək yeni qanunlar məsələyə öz müsbət təsirini göstərəcəkdir.