SİYASƏT
Ryazan vilayətində Ümumrusiya Azərbaycan Konqresinin regional nümayəndəliyinin illik hesabat iclası keçirilmişdir
Moskva, 26 yanvar (AZƏRTAC). Rusiyanın Ryazan vilayətində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) regional nümayəndəliyinin illik hesabat iclası keçirilmişdir.
Vilayətin mərkəzi Ryazan şəhərində təşkil edilmiş tədbirin iştirakçıları, o cümlədən ÜAK-ın Moskva nümayəndəliyinin üzvləri əvvəlcə bir yaşlı regional bölmənin ofisi ilə tanış olmuşlar. Burada keçirilən görüşdə Ryazanda yaşayan azərbaycanlıların müraciətlərinə baxılmış, ətraflı müzakirələr aparılmışdır.
Sonra Ryazan şəhərinin “Zabitlər Evində” regional nümayəndəliyin hesabat iclası keçirilmişdir. Nümayəndəliyin sədri, siyasi elmlər namizədi Samir Qarayev yerli bölmənin bir illik fəaliyyətindən, Ryazan rəhbərliyi və regionda fəaliyyət göstərən ictimai təşkilatlarla sıx əlaqələrindən danışmışdır. Hesabat videogörüntülərlə müşayiət olunmuşdur. Bildirilmişdir ki, ÜAK-ın Ryazan vilayət bölməsi bölgədə yaşayan soydaşlarımızı öz ətrafında birləşdirmişdir. Bölmədə qadınlar komitəsi, gənclər qrupu, mədəni tədbirlər üzrə qrup fəaliyyət göstərir. Regional nümayəndəlik Ryazan şəhərinin ictimai və sosial həyatında yaxından iştirak edir, uşaq evləri və internatlara yardım aksiyaları təşkil olunur. 2013-cü il üçün bölmənin planlarından danışan S.Qarayev vurğulamışdır ki, təşkilatın qarşısında duran əsas vəzifə soydaşlarımızın ÜAK-ın regional bölməsi ətrafında daha sıx birləşməsi, vilayətin ictimai, sosial, siyasi və iqtisadi həyatında azərbaycanlıların rolunun daha da artmasıdır.
Tədbirdə Ryazan vilayəti İctimai Palatasının üzvü Nataliya Qrişina, Ryazan Ərazi Qurumları ilə İş Nazirliyinin nümayəndəsi Nikolay Korobkin, müxtəlif yerli ictimai təşkilatların nümayəndələri çıxış edərək regional bölmənin uğurlu fəaliyyətindən danışmışlar.
Sonda yerli təşkilatın fəallarına fəxri diplomlar təqdim edilmiş, nümayəndəliyin tərkibində fəaliyyət göstərən azərbaycanlılardan ibarət musiqi qruplarının çıxışı olmuşdur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva