Şamaxıya gələn turistlərin sayı artmışdır
Şamaxı, 24 dekabr (AZƏRTAC). Şamaxı həm tarixi keçmişinə, həm də coğrafi şəraitinə görə turizm üçün əlverişli zonalardan biridir. Son illər rayonun infrastrukturunun daha da möhkəmləndirilməsi, müasir istirahət mərkəzlərinin və mehmanxanaların tikilməsi nəticəsində Azərbaycanın bu qədim bölgəsinə gələn turistlərin sayı getdikcə artmaqdadır.
AZƏRTAC rayon mədəniyyət və turizm şöbəsinə istinadən xəbər verir ki, 2012-ci ildə Şamaxı rayonuna gələn xarici və yerli turistlərin sayı 70 min nəfərdən çox olmuşdur. Bu da ötən il gələn turistlərin sayından xeyli artıqdır.
Qeyd edək ki, 2012-ci ildə turizmin imkanlarından daha geniş istifadə olunması məqsədilə rayonda əsaslı işlər görülmüşdür. Belə ki, rayon mərkəzindəki müasir tələblərə cavab verən “Şirvan” mehmanxanası tamamilə yenidən qurularaq istifadəyə verilmişdir. Bundan əlavə, ötən il Avropa standartlarına uyğun inşa edilən “Şərədil” otelinin və “Fəxriguşə” istirahət mərkəzinin tikintisi sürətlə davam etdirilmişdir. Ümumiyyətlə, hazırda rayonda 24 istirahət mərkəzi fəaliyyət göstərir.
Son vaxtlar Şamaxıda turistləri cəlb edəcək digər obyektlərin də yenidən qurulması və bərpa edilməsi xüsusi diqqət mərkəzində saxlanılır. Son dövrlər Şamaxı şəhərində yeni park və meydanlar salınmış, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir edilmişdir. Hazırda isə Prezident İlham Əliyevin Sərəncamlarına əsasən qədim Şamaxı Cümə məscidində və AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında yenidənqurma və əsaslı təmir işləri aparılır. Rayondakı bir sıra tarixi abidələrin də bərpa olunması nəzərdə tutulmuşdur.