Səfir: Misir ilə Azərbaycan arasında münasibətlər bundan sonra da inkişaf edəcək
Bakı, 25 iyul, AZƏRTAC
Bu ilin əvvəlində Misir Prezidenti Əbdülfəttah əl-Sisinin Bakıya səfəri ikitərəfli münasibətlərimizin inkişafında mühüm mərhələ olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 25-də Misirin milli bayramı - İyul İnqilabının 71-ci ildönümü münasibətilə Bakıda keçirilən tədbirdə Misirin ölkəmizdəki səfiri Hişam Mohamed Nağı Abdel Həmid söyləyib.
Səfir vurğulayıb ki, Misir Prezidentinin səfəri ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparılmasına imkanlar yaradıb. “Ümidvaram ki, Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər bundan sonra da inkişaf edəcək və çiçəklənəcək”, - deyə diplomat sözlərinə əlavə edib.