Sevastopol yaxınlığında Azərbaycan diviziyasına və digər milli diviziyalara abidələr qoyulmuşdur
Bakı, 2 may (AZƏRTAC). Mayın 9-da Krım azərbaycanlıları Sevastopolda, Sapun-qorada 77-ci atıcı diviziyanın abidəsi qarşısında mitinq keçirəcəklər. Bu barədə AZƏRTAC-a Krımın Azərbaycan icmasının başçısı Rəhim Hümbətov məlumat vermişdir.
O demişdir: “Krım torpağı çoxlu sayda azərbaycanlının qanı ilə sulanmışdır. Minlərlə azərbaycanlı Sevastopolun və Krımın azad edilməsi uğrunda canından keçmişdir. “Azərbaycan” diviziyası adlandırılan 77-ci diviziya alman faşistlərinə qarşı döyüşlərdə, o cümlədən Krım uğrunda döyüşlərdə rəşadətlə vuruşmuşdur. Müharibə illərində Krımda “Vətən eşqi” qəzeti nəşr edilmişdir”.
Nizami ordunun döyüşçüləri ilə bərabər, Krım dağlarında 8-ci Azərbaycan partizan dəstəsi döyüşmüşdür. Bu partizan dəstəsi yarımadanın faşistlərdən azad edilməsində böyük rol oynamışdır.
Azərbaycan icmasının başçısı demişdir: “Onu da qeyd edim ki, Sevastopolda Azərbaycan diviziyasından başqa digər milli diviziyalara da abidələr ucaldılmışdır. Göründüyü kimi, Qafqaz xalqları ümumi təhlükəyə qarşı çiyin-çiyinə vuruşmuşlar. Təəssüf ki, bu gün həmin xalqların arasında əvvəlki münasibətlər yoxdur. Bu da dostluq və qarşılıqlı ehtiram mühitinin yaranmasına, nəticə etiabilə, iqtisadiyyatın inkişafına, həmin xalqların rifahının yüksəlməsinə mane olur”.
Xatırladaq ki, Sapun-qorada 77-ci diviziyanın memorial kompleksi ötən il Azərbaycanın vəsaiti hesabına yenidən qurulmuşdur. Sevastopol rəhbərliyi monumenti ən yaxşı abidə adlandırmışdır.
Onu da qeyd edək ki, Yaltanı faşistlərdən azad etmiş 323-cü atıcı alayın komandiri azərbaycanlı Cəlil Nəcəfov olmuşdur. Ona Yaltanın Fəxri vətəndaşı fəxri adı verilmişdir. Yaltanın mərkəzi bağlarından biri onun adını daşıyır.
Krımın Azərbaycan icması 1991-ci ildən başlayaraq dalbadal 23 il mayın 9-da abidənin yanında mitinq keçirir. Krımın müxtəlif bölgələrindən insanlar mitinqdə iştirak etməyə gəlirlər. Yaltanın azad edildiyi gün - aprelin 16-da C.Nəcəfovun adını daşıyan bağda onun xatirə lövhəsi önünə çiçəklər qoymaq artıq ənənəyə çevrilmişdir.