Seysmik stansiyaların əməkdaşları cihazlarla iş qaydaları barədə məlumatlandırılıb
Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) ölkə ərazisində yerləşən seysmik stansiyalarının rəhbərləri və əməkdaşları üçün seminar keçirilib.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, seminarda çıxış edən RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli hazırda Azərbaycanda fəaliyyət göstərən seysmik stansiyaların sayının 62-yə çatdığını, onlardan 35-nin daimi stansiyalar olduğunu bildirib. Respublika ərazisində aparılan seysmik tədqiqatların keyfiyyətinin daha da yaxşılaşdırılması üçün əlavə 22 seysmik stansiyanın da quraşdırılacağını deyən baş direktor regionlarda çalışan əməkdaşların qarşısında duran vəzifələrdən də danışıb. Baş direktor bildirib ki, seysmik stansiyalar ən müasir texnologiyalardan istifadə edilməklə idarə olunur və bu baxımdan da hər il həmin stansiyaların əməkdaşlarının hazırlıq səviyyəsinin yüksəldilməsi üçün treninq və seminarlar təşkil edilir.
Seminarda baş direktorun müavinləri - Ramiz İsgəndərov və Rauf Muradov, şöbə müdirləri - Tahir Məmmədli və İlyas Kazımov, “Ağdam” , “Şəki”, “Mingəçevir” və “Gədəbəy” seysmik stansiyalarının müdirləri - İmamverdi Hüseynov, Aydın Abbasov, Kamal Kərimov və Xudayat Sadıqov görülən işlərlə bağlı çıxış ediblər.
Daha sonra seysmik stansiyaların əməkdaşları üçün cihazlarla iş qaydalarına dair təlim keçirilib. Onlara müvafiq təlimatlar və broşürlər paylanılıb. Həmçinin cihazların texniki parametrləri və istifadəsi zamanı ortaya çıxan məsələlər aydınlaşdırılıb.
Seminarda RSXM-in Mülki Müdafiə qərargahının rəisi Cahid Hüseynov çıxış edərək mülki müdafiə tədbirləri və qarşıda duran vəzifələrlə bağlı iştirakçıları məlumatlandırıb.