“Şöhrət dəqiqəsində” murmansklı həmvətənlərimiz qələbə qazanmışlar
Bakı, 25 may (AZƏRTAC). Murmansk məktəblərində təhsil alan istedadlı uşaqlar çoxdur. Onlar öz istedadlarını müxtəlif məktəb müsabiqələrində nümayiş etdirirlər. Murmansk şəhərindəki 49 nömrəli məktəbdə keçirilmiş “Şöhrət dəqiqəsi” də belə müsabiqələrdən biri olmuşdur. Bu müsabiqədə Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Murmansk vilayət şöbəsinin nəzdində fəaliyyət göstərən “Şərq incisi” ansamblının üzvü olan uşaqlarımız da iştirak etmişlər.
ÜAK-ın vilayət şöbəsinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, müsabiqə bir neçə mərhələdən - yarımfinal və final mərhələlərindən ibarət olmuşdur. Cəmi 30-dan çox nömrə göstərilmişdir. Şagirdlər mahnı və rəqslərlə yanaşı, müxtəlif çalğı alətlərində çalmış, həmçinin orijinal nömrələrlə çıxış etmişlər. Hətta valideynlər də kənarda qalmamış, öz uşaqları ilə birlikdə müsabiqədə iştirak etmişlər.
Uşaqlar akrobatik nömrələr, parodiyalar, karate priyomları nümayiş etdirmiş, fortepianoda və gitarada çalmış, idman rəqsləri ifa etmişlər. Lakin bizim uşaqlar orijinallıqları ilə fərqlənmişlər. Onlar əlvan rəngli milli geyimlərdə təqdim etdikləri Azərbaycan rəqsi ilə dərhal münsiflər heyətinin və tamaşaçıların qəlbini fəth edə bilmişlər.
Hər bir çıxış elə maraqlı və orijinal olmuşdur ki, münsiflər heyəti mükafata layiq yerlərin bölüşdürülməsində çətinlik çəkmişdir.
Lakin finala cəmi 15 ifa, o cümlədən həmvətənlərimizin ifa etdikləri nömrələr çıxmışdır.
Müsabiqənin yekunlarına görə, Qran-pri bizim uşaqlara verilmişdir. Tədbirin bütün iştirakçıları fəxri fərmanlarla, diplomlarla təltif edilmiş, sürəkli alqışlarla qarşılanmışlar.
Təltif olunanlar arasında həmvətənimiz, müsabiqənin finalçısı Emiliya Həsənova da vardır. ÜAK-ın vilayət şöbəsi yanında özfəaliyyət ansamblının üzvü olan E.Həsənova Azərbaycan və rus dillərində ifa etdiyi şən şərq mahnılarına görə I dərəcəli diploma layiq görülmüşdür.