SOYDAŞLARIMIZ KİYEVDƏ ERMƏNİSTAN SƏFİRLİYİ VƏ ATƏT-İN NÜMAYƏNDƏLİYİ QARŞISINDA KÜTLƏVİ PİKETLƏR KEÇİRMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 26-da Ukrayna Azərbaycanlıları Konqresi (UAK) təşkilatın gənclər komitəsi (GK) ilə birlikdə Kiyevdəki Ermənistan səfrliyi və ATƏT-in nümayəndəliyi qarşısında Xocalı soyqırımının 15-ci ildönümünə həsr olunmuş icazəli kütləvi piketlər keçirmişdir. İştirakçılar əllərində Azərbaycanın və Ukraynanın dövlət bayraqlarını, XX əsrin ən dəhşətli faciələrindən birini törətmiş erməni işğalçılarını, hərbi cinayətkarları və terrorçuları lənətləyən Ukrayna, ingilis və rus dillərində şüarlar və transparantlar tutmuşdular. UAK-ın sədri Akif Gülməmmədov, hacı Əbülfəz Qasımov, UAK GK-nın rəhbəri Toğrul Adıgözəlov və digər çıxış edənlər ucadan “Erməni terrorizminə yox!”, “Erməni işğalçıları, Azərbaycan torpaqlarından rədd olun!”, “Xocalı soyqırımını törətmiş erməni hərbi cinayətkarları və terrorçularının ciddi cəzalandırılmasını tələb edirik!” və digər antierməni şüarları söyləmişlər.
Ermənistanın Ukraynadakı səfirliyinə və ATƏT-in bu ölkədəki nümayəndəliyinə Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar müraciət ünvanlandırılmış, yoldan keçənlərə UAK-ın orqanı olan “Qolos Azerbaydjana” qəzetinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsinə həsr olunmuş xüsusi buraxılışının nüsxələri paylanmışdır.
Azərbaycanın Ukraynadakı səfirliyində matəm lenti bağlanmış dövlət bayrağı səhərdən aşağı endirilmiş, diplomatlar Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anmışlar.
Fevralın 26-da axşam Səməd Vurğun adına kitabxanada UAK-ın təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir. Tədbirdə faciəyə həsr olunmuş “Qarabağ haqqında həqiqət” kitabının təqdimatı keçirilmiş, toplaşanlara Azərbaycan səfirliyinin Xocalıya həsr olunmuş mətbuat üçün məlumatı və “Qolos Azerbaydjana” qəzetinin nüsxələri paylanmışdır.