STRASBURQDA AZƏRBAYCANLA BAĞLI NÖVBƏTİ RADİO VERİLİŞİ SƏSLƏNMİŞDİR
Verilişdə Strasburda müxtəlif ölkələri təmsil edən dərnəklərin fəaliyyətindən danışılmış, ümummilli lider Heydər Əliyevin Fərmanı ilə təsis edilmiş 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramının məqsəd və vəzifələri barədə fransız dinləyicilərə ətraflı məlumat verilmiş, Fransa parlamentinin qondarma “erməni soyqırımı”nı inkar edənlərə cəza və cərimə nəzərdə tutan qərarına etiraz əlaməti olaraq İğdırda keçirilmiş nümayişdən, Benilüks ölkələrində Azərbaycan Konqresinin yaradılmasından söhbət açılmış, dekabrın əvvələrində “Alzas - erməni dostluq cəmiyyəti”nin Naxçıvandakı “erməni abidə və qəbrləri”nin dağıdılması ilə əlaqədar Strasburqda təşkil etdiyi sərgi ilə bağlı Azərbaycan diasporunun şəhər merinə ünvanladığı etiraz məktubunun mətni oxunmuşdur.
Verilişin ərsəyə çatmasında əvəzsiz xidmətləri olmuş aparıcı Mustafa Alınca Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya qarşıdakı səfəri, yanvarın 24-də Strasburqun Şuman Universitetində dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı keçirilən tədbir, Avropa Azərbaycanlıları Konqresinin qarşıdakı toplantısı, gələn il mart ayında Bakıda təşkil olunacaq Azərbaycan-Türkiyə forumuna dair xəbərləri də səsləndirmişdir.
İki saatlıq efir vaxtında tanınmış müğənnilərimizin ifasında Azərbaycanın xalq mahnıları və milli rəqslərimiz dinləyicilərə çatdırılmışdır.