STRASBURQDA “BAKI GECƏLƏRİ” RESTORANI FƏALİYYƏT GÖSTƏRİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Strasburq şəhərinin mərkəzində “Bakı gecələri” adlı restoran fəaliyyət göstərir. Bir müddət əvvəl açılmasına baxmayaraq, Azərbaycanın zəngin mətbəxinin dadlı nemətləri ilə tanış olmaq istəyən müştərilərin sayı gündən-günə artmaqdadır.
Bakının Kürdəxanı qəsəbəsindən olan Əli və Səyavuş Ağayev qardaşlarının açdığı restoranda ləziz xörəklərimizin hazırlanmasında və müştərilərə xidmət göstərilməsində bütün ailə üzvləri iştirak edirlər. Buraya gələnlərə yarpaq və kələm dolması, müxtəlif kabablar, qutab, düşbərə və sair təklif olunur. Hətta şəhər sakinləri və qonaqlar sifariş əsasında sübh tezdən xaş yeməyə də gəlirlər.
Restoranda xüsusi quraşdırılmış televizorda müğənni və xanəndələrimizin ifasında mahnılar verilir, Bakının və respublikamızın digər görməli yerlərinin mənzərələri göstərilir.
Səyavuş Ağayev deyir ki, yay vaxtları gecələr dənizdən Bakını seyr edərkən şəhər daha füsunkar görünür. Elə buna görə restoranı “Bakı gecələri” adlandırmışıq.
Fransada müxtəlif ölkələrin adı ilə bağlı restoranların olması bizdə bir növ qibtə doğururdu. Ona görə də Azərbaycan mətbəxini vətəndən uzaqlarda nümayiş etdirmək istəyirdik və nəhayət, bu yaxınlarda arzumuz gerçəkləşdi.
Strasburqda Azərbaycanın kiçik bir guşəsini xatırladan “Bakı gecələri” ölkəmizin bu diyarda tanıdılmasına öz töhfəsini verir.