SİYASƏT
Strasburqda Ermənistanın işğalçılıq siyasətinə qarşı etiraz aksiyası keçirilmişdir
Strasburq, 22 aprel (AZƏRTAC). Aprelin 22-də Strasburqda fəaliyyət göstərən “Azərbaycan evi”nin və “İnsan Haqları Uğrunda” İctimai Birliyinin təşkilatçılığı ilə Avropa Şurasının mənzil qərargahı qarşısında Ermənistanın işğalçılıq siyasətinə, Xocalı soyqırımı zamanı yüzlərlə azərbaycanlının qətlində əli qana batmış Serj Sarkisyanın yenidən prezident seçilməsinə qarşı etiraz aksiyası keçirilmişdir.
“Azərbaycan evi”nin sədri Mustafa Alınca aksiya ilə bağlı AZƏRTAC-a müsahibəsində bildirmişdir ki, Azərbaycan ilə eyni vaxtda Avropa Şurasına üzv olmuş Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, bir milyondan artıq azərbaycanlı doğma yurdlarından silah gücünə çıxarılmışdır. Bu gün ermənipərəst avropalı deputatların dəstəyi ilə Ermənistanın Avropa Şurasında “demokratik” ölkə kimi qələmə verilməsi ikili standartlara əsaslanan yanaşmadır. Bu etiraz aksiyasını keçirməklə həm də əsas məqsədlərimizdən biri Ermənistanın işğalçı ölkə olduğunu bir daha diqqətə çatdırmaqdır. Biz Avropa Şurasına Ermənistanın işğalçı ölkə olduğunu, zəbt edilmiş Azərbaycan torpaqlarında törətdikləri vəhşilikləri bir daha xatırlatmaq istəyirik. Bundan başqa, Xocalı soyqırımı törədilərkən yüzlərlə azərbaycanlının qətlə yetirilməsində iştirak edən Serj Sarkisyanın yenidən prezident kürsüsünə əyləşdirilməsinə qəti etirazımızı bildiririk.
Əllərində Azərbaycan bayrağı tutan aksiya iştirakçıları “Ermənistan terror dövlətidir”, “Ermənistana Avropa Şurasında yer yoxdur”, “Xocalıya ədalət”, “Azərbaycan torpaqlarının işğalına son”, “Sarkisyan qatildir” şüarları səsləndirmişlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq