Şuşa Forumu Azərbaycanın regionun lokomotivinə çevrildiyini bütün dünyaya bəyan etdi
Bakı, 25 iyul, AZƏRTAC
Milli Mətbuatımızın 148-ci ildönümü ərəfəsində dünya mediasının diqqət mərkəzində olan aktual hadisələrdən biri Azərbaycanın mətbuat tarixi, eləcə də Azərbaycan həqiqətlərinin bir daha geniş işıqlanması üçün mədəniyyət paytaxtımız, Qarabağın tacı olan Şuşa şəhərində dünya mətbuatının yeni qlobal transformasiyaya hazırlığı ilə bağlı keçirilən tədbirdə Prezident İlham Əliyevin iştirakı idi. Azərbaycan Prezidenti bu tədbirdə iştirak etməklə bir tərəfdən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forumunun mahiyyətini və dayanıqlı olduğunu, o cümlədən milli jurnalistikamızın, müasir mətbuatın bütün istiqamətlərinin sağlamlaşdırıldığını, habelə beynəlxalq jurnalistlər platforması vasitəsilə Azərbaycanın geosiyasi reallıqlarını, artıq regionun lokomotivinə çevrildiyini, dünya siyasətinin yenidən formalaşan arxitekturasının möhkəmlənməsində əsas ölkələrdən olduğunu bütün dünyaya bəyan etdi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
O bildirib ki, ölkə Prezidenti üç saata yaxın davam edən görüşündə ən həssas məsələlərə toxunaraq bu gün regionda sülhün dayanıqlılığını təmin etmək üçün Azərbaycanın İkinci Qarabağ - Vətən müharibəsindən sonra dünya ictimaiyyətinə nümayiş etdirdiyi bütün cəhdlərini, apardığı siyasətini verilmiş sualların əsasında tam olaraq aydın şəkildə şərh etdi. Səsləndirilmiş fikirlərin daha önəmlisi beynəlxalq güc mərkəzlərinin, xüsusilə də postmüharibə dövründə Cənubi Qafqazda yaranmış yeni reallıqlarda inkişaf etmiş dövlətlərin münasibəti və Azərbaycanın həyata keçirdiyi qonşuluq siyasəti, eləcə də ikitərəfli, çoxtərəfli münasibətlər idi.
Prezident İlham Əliyevin beynəlxalq münasibətlərdə bəzən kollegial qərarların işləmədiyi üçün əsaslı olaraq güc amilini qabardaraq Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnamələrini təkbaşına yerinə yetirdiyini, eyni zamanda, bugünkü reallıqda hər kəsin, xüsusilə beynəlxalq təşkilatların Azərbaycanın ədalətli yanaşmalarını və həyata keçirdiyi siyasəti dəstəkləmələrini vurğulaması bir daha ölkəmizin dünyada artmaqda olan nüfuzunun bariz göstəricisidir.
Həmçinin Prezident İlham Əliyev Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün hazırda vasitəçilərin səylərinə hörmətlə yanaşdığını və işçi qaydada həm Moskvada, Vaşinqtonda, həm də Brüsseldə bu fəaliyyətin davam etdirildiyini qeyd edərək böyük sülh sazişinin imzalanmasının məhz Azərbaycanın dövlət maraqları ilə yanaşı, beynəlxalq hüququn normalarına əsaslanmasını zəruri amil kimi şərtləndirdi.
Deputat qeyd edib ki, bölgədə dayanıqlı sülhün əldə olunması, eyni zamanda, bütün regionda, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin, o cümlədən Azərbaycanın Avrasiya məkanının logistik mərkəzi olaraq formalaşmasını sürətləndirəcəkdir.
“Çıxışı zamanı dövlətimizin başçısı digər bir məqama da toxunaraq Azərbaycanın Qoşulmama Hərəkatının rəhbəri olaraq bütün dövlətlərlə qarşılıqlı hörmət və etimada əsaslanmış xarici siyasət həyata keçirdiyini diqqətə çatdırdı, hətta Afrika ölkələri ilə humanitar-siyasi sahədə müsbət, inkişafa köklənmiş nəticələrin olduğunu bildirdi. Azərbaycanla bu günə qədər daha yaxından əməkdaşlıq edən, dostluq və qardaşlıq prinsiplərinə riayət edən dövlətlərlə, xüsusilə Türkiyə ilə münasibətlərin daha da inkişaf etdirilməsinin prioritet olduğu vurğulandı.
Səsləndirilən məsələlərin fonunda Prezident İlham Əliyevin qeyd etdiyi fikirlərdən biri də növbəti dəfə, səbirlə Xankəndi xuntasına verdiyi mesaj oldu: “Biz indiyədək Xankəndidə və ətrafında yaşayan cəmiyyətin sağlam düşüncəli hissəsinin Azərbaycana belə məhəl qoyulmamasının bütün perspektivsizliyini başa düşəcəyinə və sağlam düşüncənin üstünlük təşkil edəcəyinə inamımızı itirməmişik. Əks halda, düşünürəm ki, kiminsə gəlib onların yerinə döyüşəcəyinə indi yalnız sadəlövhlər bel bağlaya bilər”.
Beləliklə, Azərbaycan multikultural dəyərlərə əsaslanan, tolerant dövlət olduğunu artıq bütün dünya ictimaiyyətinin diqqətinə dəfələrlə çatdırıb. Bu, Azərbaycanda keçirilmiş çoxsahəli tədbirlər vasitəsilə nümayiş etdirilmiş və bu gün ölkəmizdə yaşayan bütün xalqlar, etnik azlıqlar dinindən, irqindən, millətindən asılı olmayaraq Azərbaycan Konstitusiyası və qanunları əsasında azad və sərbəst yaşamaq hüququna malikdirlər. Xankəndi və ətraf ərazilərdə məskunlaşmış, Rusiya sülhməramlıları tərəfindən himayə olunan ermənilər də Azərbaycan ərazisində Azərbaycan qanunları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşaya bilərlər”, - deyə Məzahir Əfəndiyev vurğulayıb.